Quba gəncləri “İdman ili”ni futbol yarışı ilə qeyd edirlər

Qubada “İdman ili” çərçivəsində futbol üzrə gənclər arasında ilk məhəllələrarası yarışa start verilib.

“YURD” Gənclərin Vətənpərvərlik Klubunun dəstəyi, Quba rayon Gənclər və İdman İdarəsinin yaxından köməkliyi ilə baş tutan layihənin rəhbəri, gənc tələbə Çingiz Rzayevdir.
Bu barədə www.idman.com.az saytına məlumat verən “Yurd” Gəcnlərin Vətənpərvərlik Klubunun sədri Ramin Mahmudov bildirib ki, yarış “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2. “Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi” maddəsinə uyğun olaraq təşkil edilir.
15-29 yaşlı gənclərdən ibarət komandaların qatıldığı yarışda 12 məhəllə komandası 3 yarımqrupda mübarizə aparacaq. Əsasnaməyə uyğun olaraq qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı nəticə göstərən 3-cü yerin sahibi olacaq 2 komanda növbəti mərhələyə vəsiqə qazanacaq.
Olimpiya sistemi üzrə keçiriləcək ikinci mərhələnin final oyunu Quba Olimpiya İdman Kompleksində baş tutacaq.
Turnirin sonunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kobok, medallar və xatirə hədiyyələri təqdim ediləcək.
Qeyd edək ki, birinci mərhələnin oyunları hər gün axşam saatlarında şəhər 3 saylı tam orta məktəbinin futbol meydançasında keçirilir.
Turnir iyul ayının 12-də yekunlaşacaq.

Xəbər 1051 dəfə oxundu.