Zlatan İbrahimoviç Frans Bekkenbauerin doğma oğludur
Komandası Avro-2012-ni qrup mərhələsindən tərk etsə də, öz oyunu ilə qitə çempionatında ad qoyan isveçli ulduz Zlatan İbrahimoviçlə bağlı xəbərlər yenə də gündəmdən düşmür. İndi də bir yeni xəbər bu adı gündəmdə saxlayıb: Zlatan İbrahimoviç Frans Bekkenbauerin doğma oğludur. İdman.com.az saytının məlumatına görə, burada söhbət birbaşa nə isveçli futbol ulduzundan gedir, nə də alman futbolu tarixinin əfsanəsindən.

Sadəcə, Braziliyanın Resifi şəhərində Frans Bekkenbauer ad və soyadı olan bir futbol azarkeşinin oğlu olub və o da öz oğlunun adını daha bir futbol ulduzunun adına uyğun – Zlatan İbrahimoviç qoyub. Beləcə Frans Bekkenbauer adlı azarkeş tam adı Zlatan İbrahimoviç Lima da Silva adlı bir körpənin atası olub.

Bununla belə, Frans oğlunun adını qeydiyyatdan keçirərkən problemlə üzləşib. Ona hakimdən icazə alınmalı olduğunu bildiriblər. Braziliyalı Bekkenbauer isə ona deyilən bu sözə bərk əsəbiləşib: «Məni hakimin yanına göndərməyin mənası yoxdu. Bu otaqda artıq belə bir hadisə baş verib. Mənim özüm buna bir təsdiqəm. Əgər mənim adım Bekkenbauerdisə, nə üçün oğlum İbrahimoviç adlana bilməz?»

Frans Bekkenbauer «Santa Kruz» komandasının azarkeşidi. Gənc ata öz oğlunu gələcəkdə futbol ulduzu kimi görmək istəyir və ona çoxlu qollar vurmaq arzulayır.

Xəbər 1187 dəfə oxundu.