Luis Hamilton Formula 1-in Afrikaya qayıtması ideyasını dəstəkləyib
Formula 1 yarışları 4 qitədə keçirilsə də, son 27 ildə Afrika bu tədbirdən kənarda qalıb. 1993-cü ildə Cənubi Afrika Respublikasında Alen Prostun qələbəsindən sonra “qara qitə” bu mötəbər idman tədbirinə ev sahibliyi edə bilmir. Formula 1 rəhbərliyi yenidən Afrikada yarış keçirməyin planlarını cızır. Luis Hamilton da bu fikirə dəstək çıxıb.

“Mercedes”in pilotu L.Hamilton Formula 1-in yenidən Afrika qitəsinə qayıtmasını istəyir. Daha doğrusu, altıqat dünya çempionu Formula 1 rəhbərliyinin yarışları “qara qitə”yə qaytarmaqla bağlı təşəbbüsünü dəstəkləyib. İndiki məqamda iki variant müzakirə olunur. Bunlardan biri yenidən yarışın Cənubi Afrika Respublikasında keçirilməsi, digəri isə Mərakeş Qran-Prisinin təşkil olunmasıdır.

Mətbuata açıqlama verən L.Hamilton bu iki variant arasında seçimin yox, ümumiyyətlə yarışın Afrikada keçirilməsinin önəmli olduğunu söyləyib. Bildirib ki, mənim üçün yarışın Afrikanın harasında keçiriməsi vacib deyil. Mən sadəcə, Afrika variantını dəstəkləyirəm. Yenidən bu qitəyə qayıtmaq lazımdır. İndi Formula 1 müxtəlif ölkələrdə keçirilir. Ancaq o, bəzi ölkələrdə heç bir dəyişikliyə səbəb olmur. Mənə elə gəlir ki, bu yarış keçirildiyi ölkələrin inkişafına təkan olmalıdır. Afrika isə bu mənada ən çox inkişafa ehtiyac duyulan məkandır. Yarışı Afrikada keçirib oranın əhəmiyyətini dünyaya göstərmək lazımdır. Hər şeyi pul həll etməməlidir. İndiki məqamda insan faktoru önəmli olmalıdır. Mən Formula 1-in Afrikaya qayıtma ideyasını dəstəkləyirəm.


Xəbər 489 dəfə oxundu.