MBA-da mövsüm bərpa oluna bilər
Təxminən bir aydan sonra MBA-da mövsüm bərpa ediləcək. Pandemiyaya görə yarımçıq dayandırılan çempionata yüksək səviyyədə hazırlıq gedir. Artıq yarışların qalan hissəsinin təqvimi də tərtib olunub.

MBA rəhbərliyi mövsümün bərpasından sonrakı oyunların təqvimini hazırlayıb. İyulun 30-da basketbol həvəskarları iki oyunun şahidi olacaqlar. Həmin gün Los-Ancelesin iki nəhəng komandası “Leykers”lə “Klippers”in qarşılaşması daha böyük maraqla gözlənilir. Orlandonun “Disneylend” əyləncə parkının idman kompleksində digər görüşdə “Nyu Orlean Pelikans”la “Yuta Cazz” klubları üz-üzə gələcəklər.

Növbəti gün isə daha 6 oyun keçiriləcək. Texas derbisi turun ən prinsipial qarşılaşması olacaq. Çempionluğa namizəd sayılan “Hyuston Rokets” Luka Donçiçin şərəfini qoruduğu “Dallas Maveriks”i məğlub etməyə çalışacaq. Şərq konfransının liderləri “Milouki” ilə “Boston” arasındakı görüş də diqqət mərkəzində olacaq. Bundan başqa iyulun 31-də “Orlando”–“Bruklin”, “Portlend”–“Memfis”, “Finiks”–“Vaşinqton” və “San Antonio”–“Sakramento” oyunları da keçiriləcək.

“Leykers” və “Klippers”in oyunları ABŞ-ın dövlət telekanalı vasitəsi ilə canlı yayımlanacaq. İyirmi iki komandanın iştirakı ilə müntəzəm çempionatda 88 oyun keçiriləcək. Pley-off mərhələsi isə avqustun 17-də başlayacaq.



Xəbər 609 dəfə oxundu.