Deyan Kelhar: “Qəbələ”nin gələcək üçün böyük məqsədləri var - MÜSAHİBƏ
“Qəbələ”nin 2012/2013 mövsümü öncəsi ilk əcnəbi transferi Deyan Kelhar klubunun rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, sloveniyalı müdafiəçi komandaya keçidi və Azərbaycan haqda fikirlərini bölüşüb.

- Ölkə xaricində oynamaq üzrə böyük təcrübəniz var. Qəbələ və Azərbaycan haqda öncədən nə bilirdiniz, sonradan nələri öyrəndiniz?
- Ölkəniz haqda elə də məlumatlı deyildim. İlk dəfə Azərbaycan adını Sloveniyadan bir neçə futbolçu Premyer Liqasında oynamağa başlayarkən eşitmişdim. Keçən həftə də bəzi əlavə məlumatları internetdən oxumuşam. Azərbaycan, o cümlədən Qəbələ yaşamaq və karyeramı davam etdirmək üçün əlverişli yerdir.

- Azərbaycanın klubları və ölkədəki infrastruktur barədə nə dərəcədə məlumatlısınız?
- Bir neçə il əvvəl Sloveniyadan Azərbaycana gedən transferlərdən klublarınız haqda eşitmişdim. Amma “Qəbələ”dən təklif gələndən sonra bu klub və şəhər barədə tanışlardan daha çox məlumat topladım. Hamısı müsbət cavablar idi.

- Yəqin ki, fərqli klublardan təklif almısınız. Niyə məhz “Qəbələ”ni seçdiniz?
- Doğrusu, Ukrayna və Türkiyədən də təkliflər almışdım və onlarla uzun müddətdir ki əlaqələrim var. Lakin “Qəbələ”nin təklifini qəbul etdim. Çünki, klubun gələcək üçün böyük məqsədləri var. Həmçinin yüksək səviyyəli infrastruktur məni buraya cəlb edən amillərdən biridir. Buna gərə məhz “Qəbələ”yə gəldim.

- “Qəbələ”nin qarşıdakı mövsümdəki hədəflərindən xəbəriniz varmı?
- Əlbəttə, klubun qarşıya qoyduğu məqsədlərlə tanış olmuşam. Təbii ki, bu asan olmayacaq, amma birlikdə böyük həvəslə çalışıb hədəflərə çatmaq üçün nələrsə edə bilərik.

- Sizcə yeni komandanın hədəflərinə çatmasında kollektivə yardımçı ola biləcəksiniz?

- Özüm haqda danışmağı xoşlamıram. Məni kluba dəvət edən şəxslər necə kömək edə biləcəyimi bilirlər. Həm futbolda, həm də digər fəaliyyət sahəsində hər kəs tutduğu vəzifəsində nə isə bacarır. Bir oyunçu kimi mən də nə isə bacarıram və “Qəbələ” üçün əlimdən gələni edəcəyəm. Futbolda oyunçu təklikdə o qədər də önəmli deyil. Amma komanda vahid şəkildə böyük qüvvədir. Ümid edirəm ki, birlikdə böyük qüvvə olacağıq.

Xəbər 1168 dəfə oxundu.