V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Əlaqələndirmə Şurasının 5-ci İslam Həmrəyliyi Oyunları İstanbul Təşkilat Komitəsi ilə birgə videokonfransı keçirilib.

İHİF-in Baş katibinin, Misir və Tunisin Olimpiya komitələri rəhbərlərinin, Türkiyənin Gənclər və İdman nazirinin müavininin, Banqladeş Olimpiya Komitəsi Baş katibinin, Koordinasiya Komitəsi rəhbərinin, İHİF İcraiyyə Komitəsinin və V İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü, Azərbaycan Milli Məclisinin deputatı Könül Nurullayevanın və digər rəsmi şəxslərin iştirakı ilə keçirilən toplantıda müxtəlif məsələlər müzakirə olunub.

Müzakirələr zamanı pandemiyanın bütün sahələrə, o cümlədən idman sahəsinə təsiri, mövcud vəziyyətdən çıxış yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Videokonfransda, həmçinin V İslam Həmrəyliyi Oyunlarının 2021-ci il sentyabrın 10-19-da keçirilməsi dəqiqləşdirilib. Yarışların təşkili ilə bağlı idman obyektlərinin cari vəziyyəti müzakirə olunub və pandemiyanın zərərli təsirlərinin minimuma endirilməsinin, infrastrukturun İslamiadaya hazır vəziyyətə gətirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Müzakirələr zamanı yarışların proqramına salınacaq idman növləri də təsdiqlənib. Ümumilikdə, təsdiq olunmuş 21 idman növü sırasına üzgüçülük, atletika, basketbol, futbol, qılıncoynatma, həndbol, cüdo, karate, stolüstü tennis, kikboksinq, güləş, gimnastika, voleybol, taekvondo və s. kimi növlər daxil edilib və bu siyahıya yeni idman növü olaraq badminton da əlavə olunub. Proqrama hansı paraidman növlərinin daxil edilməsi ilə bağlı isə yaxın həftələrdə qərar veriləcək.

Qeyd edək ki, milli federasiyalar yarışların proqramına daxil olan hər bir oyun üçün texniki qaydalar planı və Təşkilat Komitəsi ilə birgə oyunlar üzrə ümumi qaydalar hazırlayacaq.


Xəbər 775 dəfə oxundu.