MBA rəhbərliyi cari mövsümün bitəcəyini istisna etməyib
Milli Basketbol Assosiasiyasının (MBA) rəhbərliyi koronavirus pandemiyası ilə bağlı vəziyyətin daha da pisləşəcəyi təqdirdə cari mövsümün bitməsini istisna etməyib.

Bu barədə “Gazeta.ru” “Clutch Points” portalına istinadla məlumat verib.

Liqanın komissarı Adam Silver oyunçularda yoluxmanın daha geniş miqyas alacağı təqdirdə mövsümün ləğv ediləcəyini bildirib.

Koronavirus pandemiyasının səngiməməyi idman yarışlarının keçirilməsi üçün böyük problemlər yaradıb. Bəzi basketbolçular mövsümün bərpasından sonra meydana çıxmaqdan imtina etdiklərini bildiriblər.

MBA-da çıxış edən 150-yə yaxın oyunçu mövsümün bərpa olunmasından sonra meydana çıxmamağı müzakirə edir.

Basketbolçular indiki məqamda mövsümün qaldığı yerdən davam etdirilməsinin əleyhinədir. Oyunçuların bəzilərinin fikrincə, meydana çıxmaq çox qorxuludur. Basketbolçulardan kimsə yoluxucu infeksiyanın daşıyıcı olsa, onda bütün oyunçular bunun əzabını çəkəcək.

Xatırladaq ki, MBA rəhbərliyi koronavirus səbəbindən mövsümü martın 12-də dayandırıb.

Xəbər 643 dəfə oxundu.