Birgə əməkdaşlıq haqqında saziş imzalandı
Beynəlxalq Olimpiya Komitəsi (BOK), BMT və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 23 İyun - Beynəlxalq Olimpiya Günündə birgə əməkdaşlıq haqqında saziş imzalayıblar. Tərəflər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində “Birlikdə sağlam olaq!” layihəsinə start veriblər.

Komitənin prezidenti Tomas Bax tədbirdə çıxış edərək idmanın insanın sağlamlığı üçün əhəmiyyətindən danışıb. O deyib: “Hər kəsi narahat edən koronavirus pandemiyası göstərdi ki, bədən tərbiyəsi və idman insan həyatı, onun sağlamlığı üçün vacib əhəmiyyət daşıyır. BMT və ÜST ilə bir yerdə işləyərək biz daha bir addım irəliləyə bilərik. Olimpiya Oyunlarının iştirakçıları “Birlikdə sağlam olaq!” layihəsi ilə öz zəngin təcrübələrini hamı ilə bölüşəcəklər”.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus BOK-la birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və hər kəsi virusla mübarizədə fəal olmağa çağırıb.

BMT-nin Baş katibi Antonio Quterreş isə bildirib ki, koronavirus pandemiyası ilə mübarizədə indi əvvəlkindən daha həmrəy və sağlam olmalıyıq.


Xəbər 578 dəfə oxundu.