Xorvatiya turnirində koronavirus şoku
Mövsümün bərpası ərəfəsində tennis ictimaiyyəti yenə də məyusluq doğuran bir vəziyyətlə üzləşib. Şou xarakterli Zadar turnirinin sonunda iki idmançı və məşqçilərin koronavirusa yoluxduğu məlum olub.

İki tennisçi - bolqarıstanlı Qriqor Dimitrov və xorvatiyalı Borna Çiliç koronavirusa yoluxublar. Onların testi müsbət nəticələndikdən sonra serbiyalı Novak Cokoviç və rusiyalı Andrey Rublyov arasında “Adria Tour” yarışının final görüşü ləğv edilib. Ertəsi gün isə Cokoviçin fitnes məşqçisi Marko Panini ilə Dimitrovun məşqçisi Kristian Qroxun da infeksiyaya tutulduğu müəyyənləşib. Əslində, vəziyyətin bu həddə çatacağını gözləmək olardı. Çünki Xorvatiyadakı turnir boyunca tennisçilər gigiyenik qaydalara əməl etmirdi.

Hətta tribunalarda azarkeşləri də görmək mümkün idi. Təbii ki, belə vəziyyətdə N.Cokoviç də koronavirus testindən keçməli idi. ATP reytinqinin lideri əvvəlcə testdən imtina etsə də, sonradan qərarını dəyişib.

Onunla yanaşı ailəsi də yoxlanılıb. Ancaq Dimitrov və Çiliçlə birgə testdən keçən Andrey Rublyov və Aleksandr Zverevdə yoluxma aşkarlanmayıb.

Xəbər 730 dəfə oxundu.