ATP və WTA mükafat fondunu azaldacaq
Xəbər verdiyimiz kimi, avqustdan tennis turnirləri bərpa ediləcək. Amma pandemiyanın yol açdığı maliyyə fəsadlarına görə, tennisçilər istədikləri qədər qazana bilməyəcəklər. Buna Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və Qadın Tennisçilər Assosiasiyasının (WTA) xərcləri azaltması səbəb olub.

ATP və WTA mükafat fondlarını azaldacaqları ilə bağlı qərar qəbul edib. Buna pandemiya nəticəsində yaşanan maliyyə böhranı səbəb olub.

ABŞ mətbuatının məlumatına görə, “WTA İnternational” seriyalı turnirlərin mükafat fondunun həcmini 18 faiz azaldılacaqsa, “Premier Mandatory” yarışlarının xərci 32 faiz aşağı enəcək. Bu mənada ATP-dəki ixtisarların həcmi ilə bağlı heç bir məlumat verilmir. Amma mənbələrin yazdığına görə, ATP 250 və ATP 500 turnirlərinin mükafatları azaldılacaq. Elə “Masters” seriyalı turnirlərə də zərbə dəyəcək. Amma bu yarışlarda böyük ixtisarlar olmayacaq. Turnirlərin mükafat fondunun xərcləri yalnız azarkeşlər arenalara buraxılacağı halda bərpa ediləcək.

“Böyük dəbilqə” seriyalı turnirlərə gəlincə, onların mükafat fondu olduğu kimi qalacaq. Amma ABŞ açıq tennis turnirinin təsnifat mərhələsi ləğv ediləcək. Tennisçilər yalnız reytinqdəki mövqeyinə görə bu turnirdə iştirak etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, tennis turnirləri avqustun 3-də start götürəcək. Həmin gün qadınlar arasında Palermoda turnir start götürəcək. Avqustun 14-də kişilər arasında Vaşinqtondakı yarış başlayacaq.

Xəbər 623 dəfə oxundu.