Almanlar rekord izində
Avro-2012-nin 1/4 finalında Yunanıstanı məğlub edən Almaniya yığması beynəlxalq turnirlərdə ardıcıl 15-ci qələbəsini qazandı. 2010-cu il dünya çempionatı final mərhələsi 3-culük matçında Uruqvayı 3:2 hesabı ilə məğlub etməklə başlayan seriya, hazırkı qitə yarışının seçmə mərhələsində 10 oyunla davam etdi və final mərhələsində 3 qrup oyunu ardından dörddəbir finalda yunanlar üzərində qələbə ilə də 15 həddinə çatdı. İdman.com.az saytnın məlumatına görə, bu cür uğurlarla almanlar rəsmi oyunlarda qələbə seriyası rekorduna doğru addımlamaq iddiasındadılar.

Lakin Almaniya dünya rekordunu qıra bilmək üçün daha 5 matçda qələbə qazanmalıdı. Yoahim Löv və futbolçularının bunun üçün Avropa çempionatında qalan iki matçda da qələbə qazanaraq çempion olmalı və 2014-cü il dünya çempionatı seçmələrinin ilk 3 turunda da Farer adaları (7 sentyabr 2012), Avstriya (11 sentyabr 2012) və İrlandiya (12 oktyabr 2012) yığmalarını yenməlidilər.

Baş məşqçi Löv komandasının 15 qələbəsindən məmnunluğunu bildirib: «Üst-üstə 15 oyunda qələbə qazandıq. Gələcəyə də çox ümidliyik».
Dünya futbolunda milli komandaların rəsmi oyunlarda qələbə seriyası rekordu isə İspaniyadadı. Dünya və Avropa çempionları 12 sentyabr 2007-ci il - 20 iyun 2010-cu il tarixləri arasında ardıcıl 19 rəsmi matçdan qələbə ilə ayrılaraq rekord qırdılar. İspanlar həmçinin 21 iyun 2010-cu il və 11 oktyabr 2011-ci il tarixləri arasında isə 14 matçlıq bir seriyanı əldə etmişdilər. Fransa (7 sentyabr 2002-cu il - 13 iyun 2004-cü il) və Niderlandın da (10 sentyabr 2008-ci il - 6 İyul 2010-cu il) 14 matçlıq qələbə seriyaları var.

Almanların hələ ki, davamını gözləyən 15 oyunluq ardıcıl qələbə seriyasında Azərbaycan yığması ilə görüşlər də daxil, aşağıdakı oyunlar var:

Tarix Turnir Matç (nəticə) Şəhər

10 iyul 2010 DÇ 3-cülük matçı Almaniya - Uruqvay (3:2) Port Elizabet
3 sentyabr 2010 AÇ seçmə Belçika - Almaniya (0:1) Brüsel
7 sentyabr 2010 AÇ seçmə Almaniya - Azərbaycan (6:1) Köln
8 oktyabr 2010 AÇ seçmə Almaniya - Türkiyə (3:0) Berlin
12 oktyabr 2010 AÇ seçmə Qazaxıstan - Almaniya (0:3) Astana
26 mart 2011 AÇ seçmə Almaniya - Qazaxıstan (4:0) Kayzerslautern
3 iyun 2011 AÇ seçmə Avstriya - Almaniya (1:2) Vyana
7 iyun 2011 AÇ seçmə Azərbaycan - Almaniya (1:3) Bakı
2 sentyabr 2011 AÇ seçmə Almaniya - Avstriya (6:2) Gelzenkirxen
7 oktyabr 2011 AÇ seçmə Türkiyə - Almaniya (1:3) İstanbul
11 oktyabr 2011 AÇ seçmə Almaniya - Belçika (3:1) Düsseldorf
9 iyun 2012 AÇ qrup Almaniya - Portuqaliya (1:0) Lvov
13 iyun 2012 AÇ qrup Hollandiya - Almaniya (1:2) Xarkov
17 iyun 2012 AÇ qrup Danimarka - Almaniya (1:2) Lvov
22 iyun 2012 AÇ 1/4 final Almaniya - Yunanıstan (4:2) Qdansk

Xəbər 1180 dəfə oxundu.