AFFA könüllülərə təşəkkür edib
COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə iki dəfə zəruri gündəlik tələbat malları ilə yardım edib. Yardımın çatdırılması “Avro-2020”nin könüllüləri vasitəsilə həyata keçirilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub, fəal iştiraklarına görə qurum rəhbərliyi adından onlara təşəkkür edib.

E.Məmmədov qeyd edib ki, 2020-ci il dövlətimizin başçısının Sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.

Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videokonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.

Xəbər 530 dəfə oxundu.