Formula E və Formula 1 gələcəkdə vahid çempionat keçirə bilərlər
Formula E-nin rəhbəri Aleksandro Aqaq seriyanın gələcəkdə Formula 1 ilə birləşərək vahid çempionat keçirəcəklərinə inandığını bildirib.

O, bu fikri “FIA E Conference” tədbirində çıxış edərkən söyləyib.

Formula 1-in böyük fanatı olduğunu deyən A.Aqaq elektrik mühərrikli avtomobillərin gələcəyinin olduğuna inandığını vurğulayıb.

Mütəxəssis qeyd edib ki, Formula E-nin elektrik mühərrikləri olan avtomobillərdə çempionat keçirmək üçün eksklüziv 25 illik müqaviləsi var. O, gələcəkdə açıq təkərli elektromobil avtomobillərin Formula 1 avtomobilləri qədər sürətli olacağına inandığını bildirib: “Bu baş verəndə iki fərqli çempionat keçirməyə heç bir səbəb görmürəm”.

Formula E açıq təkərli elektromobil avtomobillərin mübarizəsidir. Bu sinfə aid yarışların əsasını Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2012-ci ildə qoyub. Məqsəd elektriklə çalışan avtomobillərin gücünü və texniki imkanlarını sınaqdan keçirmək, həmin növ avtomobilləri keyfiyyətli şəkildə ictimaiyyətə təqdim etməkdir.

Bununla da, FIA ətraf mühitə daha az ziyan vuran və havaya faktiki olaraq zərərli maddələr buraxmayan nəqliyyat vasitələrinin istehsalının artırılmasına çalışır.

Xəbər 492 dəfə oxundu.