Azərbaycan çempionatının cari mövsümünün mükafatları rekordçulara nəsib olub
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2019-2020-ci il mövsümünün mükafatları ölkə çempionatlarının rekordçularına nəsib olub.

Azsport.az Peşəkar Futbol Liqasına (PFL) xəbər verir ki, ilk üç yeri tutan komandalar yarışın tarixində ən çox medal qazanan klublardır.

Qızıl medala sahib olan “Qarabağ” 8-ci çempionluğunu və 14-cü mükafatını qazanıb. Ağdamlılar qızıl medal sayında “Neftçi”nin rekorduna şərik çıxsa da, ümumi göstəricidə yalnız əsas rəqibindən geri qalır. Qurban Qurbanovun yetirmələri ardıcıl 7-ci dəfə çempion olub və son 8 mövsümdə “üçlük”də yer alıblar.

Ardıcıl ikinci dəfə gümüşlə kifayətlənən “Neftçi” üç ildir mükafatçılar sırasını tərk etmir. Bakı təmsilçisi hamıdan çox – 18 medala yiyələnib. Çempionluq sayında isə paytaxt klubu ilk yerə şərikdir. Bu dəfəki gümüş “Neftçi”yə daha bir rekord göstərici bəxş edib. Komanda hamıdan çox – 4 gümüşün sahibidir. “Ağ-qaralar” bürünc medal sayında da hamıdan öndədir – 6.

“Keşlə” ikiillik fasilədən sonra mükafatçılar sırasına qayıdıb. Paytaxt klubu tarixində 9-cu medalına yiyələnib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən, bir dəfə yarımçıq qalan, bir dəfə keçirilməyən ölkə çempionatları tarixində 17 klub mükafatçılar sırasına düşüb.

Xəbər 638 dəfə oxundu.