Namiq Əliyev: Qadınlar arasında yunan-Roma güləşinin Olimpiadanın proqramına salınması məsələsi gündəmdədir
Qadın güləşi son 15 ildə yaranıb. Yaponlar bundan çox məharətlə istifadə etdilər və bu gün qadın güləşində ən güclülərdən hesab olunurlar. Qadınlar arasında yunan-Roma güləşinin inkişaf etdirilib Olimpiadanın proqramına salınması məsələsi gündəmdədir.

Bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev federasiyanın rəsmi saytına müsahibəsində deyib.

N.Əliyev bildirib ki, bu, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) gender bərabərliyi prinsiplərinə uyğundur. Hər idmançını yetişdirmək üçün vaxt lazımdır. Üç-beş ilə heç kim dünya səviyyəli idmançı olmur. Bunun üçün uzun müddət lazımdır. Vaxtilə bizdə mentalitet məsələsinə görə qadın güləşinə axın yox idi. Artıq belə problem yoxdur. İndi valideynlər uşaqların əllərindən tutub güləşə gətirirlər. Zalımızda çoxlu yeniyetmə və gənc qızlar güləşlə məşğul olurlar. Nəticələr də gündən-günə yaxşılaşır. Ölkəmizdə qadın güləşinin hazırkı səviyyəsi bizi qane edir.

Yeniyetmələrin Olimpiadasının proqramına qadınlar arasında çimərlik güləşi yarışlarının salındığını deyən N.Əliyev vurğulayıb: “Bu sahə üzrə də fəaliyyətə başlamışıq. İstəyirik ki, iki ildən sonra Dakarda çimərlik güləşi yarışlarında qadın idmançılarımız da mübarizə aparsınlar”.

AZƏRTAC

Xəbər 723 dəfə oxundu.