Yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarının proqramında yer almaya bilər
Bütün dünyada davam edən pandemiya ilə əlaqədar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin sonuncu iclasında bir sıra qərarlar qəbul olunub. Bəzi ölkələrdə koronavirusa yoluxanların sayı artmaqdadır. Beynəlxalq güləş yarışlarına qoyulan qadağa avqustun 31-dək uzadıldı. Ona görə də bu qərarın doğru olduğunu düşünürəm. Düzdür, yarışların keçirilməməsi bütün idmançılara mənfi təsir göstərir. Hamı çalışır ki, turnirlər mümkün qədər tez başlasın. Ancaq bunu mövcud vəziyyətdə verilmiş doğru qərar hesab edirəm.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti əvəzi, UWW-nin büro üzvü Namiq Əliyev federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Dünya çempionatının dekabrda keçirilməsi barədə qərarın doğru olduğunu düşündüyünü bildirən N.Əliyev bildirib: “Olimpiada olan ildə bu yarış keçirilmir. Olimpiya Oyunları gələn ilə təxirə salındığı üçün gələn il keçirilməli olan dünya çempionatının bu ilin dekabrında baş tutması məntiqəuyğundur. Bu, hazırlıq prosesində güləşçilərin motivasiyasını da artıracaq. Artıq Serbiya dünya çempionatı üçün namizədliyini irəli sürüb. Daha 5-6 ölkə bu yarışı keçirmək istəyir. Büronun iclasında pandemiya şəraitində yarışlarla bağlı A, B və C variantları irəli sürüldü. Artıq bəzi idman növlərində turnirlər bərpa olunub. Fikrimcə, sentyabrdan güləşdə də yarışlara start veriləcək”.

2022-ci ildə Dakarda keçiriləcək Yeniyetmələr Yay Olimpiya Oyunlarının proqramından yunan-Roma güləşinin çıxarıldığını deyən N.Əliyev diqqətə çatdırıb ki, bu, ən qədim idman növlərindən hesab olunur. Bunu adından da görürük. Sadəcə, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) özünün prinsipləri var ki, onlardan da biri idmanın baxımlı olmasıdır. Bu yanaşma doğrudur. Bütün idman növləri hərtərəfli təhlil olunur. Son zamanlar güləşin bu növündə baxımlılıq, izləyici kütləsi azalıb. Baxmayaraq ki, UWW müəyyən qaydalarda dəyişikliklər etməklə baxımlılığı artırmağa çalışır. Yeniyetmələrin Olimpiadasına çimərlik güləşi daxil edilib. Artıq bir neçə ildir ki, güləşin bu növü üzrə yarışlarda təmsil olunuruq, çempionlarımız var. Ötən il ilk dəfə keçirilən Dünya Çimərlik Oyunlarında iki medal qazandıq, Oyan Nəzəriani dünya çempionu oldu. Bu sahədə fəaliyyətimizi daha da gücləndirəcəyik. UWW-nin İcraiyyə Komitəsinin iclasında gedən müzakirələrə əsasən deyə bilərəm ki, böyük ehtimalla, yunan-Roma güləşi 2024-cü ildə keçiriləcək Olimpiadanın proqramında yer almayacaq.

“İclasda UWW-nin prezidenti Nenad Laloviç Tokio Olimpiya Oyunlarının baş tutmaması fikrinə neqativ münasibətini ortaya qoydu. Məsələ burasındadır ki, Tokioda mer seçkiləri keçiriləcək. Namizədlərdən biri platformasında qeyd edib ki, seçkilərdən qalib çıxsa, Olimpiadanın Tokioda keçirilməməsinə çalışacaq. Bu, daha çox siyasi bəyanatdır. Olimpiya Oyunları sıradan yarış deyil ki, onu ləğv edib-etməmək hansısa merin qərarından asılı olsun. Hesab edirəm ki, bununla bağlı problem olmayacaq. Gələn il Olimpiada baş tutacaq. Əks halda, Yaponiya idman aləmində etibarını itirəcək. O zaman gələcəkdə Yaponiya Olimpiadanın təşkilatçılığı ilə bağlı namizədliyini irəli sürsə, hansısa ölkənin onların lehinə səs verəcəyini düşünmürəm. Bilirsiniz ki, IOC bəyan edib ki, Olimpiya Oyunları gələn il də baş tutmasa, ləğv olunacaq və 2024-cü ildə Parisdə keçiriləcək. Çünki bütün federasiyaların çoxlu sayda yarışları var. Bu prosesin uzadılması bütün idman növlərində xaos yarada bilər”, - deyə AGF-nin rəsmisi əlavə edib.

Bildirib ki, son vaxtlar yığmalarımızda gəncləşdirmə siyasəti həyata keçiririk. Bəzi zədəli güləşçilərimiz gələn ilə kimi tam bərpa olunmaq şansı əldə edib. Sərbəst güləşdə 74 və 86 kiloqram çəki dərəcələrində bununla bağlı problemlər var idi ki, Olimpiadanın gələn ilə təxirə salınması həmin problemləri aradan qaldırmağa imkan verdi. Ancaq məsələnin digər tərəfinə də baxmaq lazımdır. Olimpiadanın zirvəsində gördüyümüz Mariya Stadnikin yaşı artıq 30-u keçib. Olimpiya çempionu olacağına inandığımız Şərif Şərifov da yaş problemi ilə üzləşir. Düzdür, Mariya o səviyyədə idmançıdır ki, onu kiminləsə əvəzləmək çətindir. Ancaq Şərifin çəkisində gənc və perspektivli, onu əvəzləyə biləcək idmançılar var. Müsbət və mənfi məqamları tərəzinin gözünə qoyanda bu təxirəsalmanın bizim lehimizə olduğunu söyləyə bilərəm.

N.Əliyev deyib: “Bizim lisenziya qazanmaqla bağlı problemimiz yoxdur. Çünki güləşçilərimizin gücü və hazırlıq səviyyəsi buna imkan verir. Biz heç vaxt çalışmamışıq ki, lisenziya qazanmaq xatirinə Olimpiadaya “turist” aparaq. Olimpiya Oyunlarına qatılan bütün güləşçilərimizə potensial medalçı gözü ilə baxırıq. Həmin idmançılar da lisenziya qazanmağa qadirdirlər. “Rio-2016” Yay Olimpiya Oyunlarında 18 çəkidən 14-də təmsil olunmuşduq. Onlardan da 9-u Vətənə medalla dönmüşdü. Bu, həqiqətən böyük göstəricidir. Olimpiada kimi ağır yarışda buna nail olmaq heç də asan deyil. Düşünürəm ki, bu dəfə də lazımlı lisenziyaları əldə edəcəyik. Güləşçilərimizin böyük potensialı var. Son Avropa çempionatında “2-3-cü nömrələri” sınaqdan keçirdik və onlar ümidləri doğrultdu. Bütün bunlar lisenziya yarışlarına nikbin baxmağa əsas verir və bununla bağlı problem olacağını düşünmürəm”.

Xəbər 537 dəfə oxundu.