Şose velosipedi üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə Veloparkda şose velosipedi üzrə paytaxt birinciliyi keçirilib.

Yarışda U-15, U-17, gənclər və U-23 yaş kateqoriyası üzrə 60-a yaxın idmançı mübarizə aparıb.

On beş yaşadək qızların 9 kilometr məsafəyə yarışında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Radha Şabanova finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Tamerlan Vitovski isə oğlanlar arasında eyni məsafəni hamıdan tez qət edib.

On yeddi yaşadək oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbini təmsil edən Kamran Mirzəxanov 15 kilometr məsafəyə ötüşmədə bütün rəqiblərini qabaqlayıb. Yeddi nömrəli Olimpiya Məktəbin üzvü Fatimə Əfqanzadə isə 9 kilometr məsafəyə qrup ötüşməsində çempionluq sevinci yaşayıb.

Gənc və 23 yaşadək qızlar arasında 15 kilometr məsafəyə yarışda Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva hamıdan güclü olub. Otuz altı kilometr məsafəyə mübarizə aparan gənc və 23 yaşadək oğlanların yarışı isə 7 nömrəli Olimpiya Məktəbinin üzvü Əmral Əbdüləzizlinin qələbəsi ilə başa çatıb.

Qaliblər təşkilatçılar tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Yarış zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi bütün tapşırıq və tövsiyələrə əməl edilib.

Xəbər 561 dəfə oxundu.