Boksçularımız erməni rəqiblərini məğlub ediblər
Bolqarıstan paytaxtı Sofiyada boks üzrə yeniyetmələr arasında qitə bitinciliyinə start verilib. İdman.com.az saytının məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə yarışa qələbə ilə başlayıb. Boksçumuz Macarıstan təmsilçisi Atilla Varini 3-cü raundda nokauta salıb.

Elməddin İsmayılov (49 kq) isə qitə birinciliyi ilə vidalaşmalı olub. Həmyerlimiz türkiyəli Raif Kirsüleymanoğluya 5:11 hesabı ilə uduzub. Yarışın ilk günündə rinqə çıxan Sirac Süleymanov (63 kq) da məğlubiyyətlə üzləşib. O, Xorvatiya nümayəndəsi Luka Plantiçə 16:24 hesabı ilə məğlub olub. Avropa birinciliyinin ikinci günündə boksçularımız daha yaxşı çıxış ediblər. 57 kq çəki dərəcəsində yarışan Şamil İbrahimzadə çexiyalı Lukas Dekisi 16:9 hesabı ilə üstələyib.

Hüseyn Tanrıverdili (66 kq) isə birinci mərhələdəcə məğlubiyyətlə üzləşib. Milli komandamızın üzvü İrlandiya boksçusu Luis Krokkerə 6:15 hesabı ilə uduzub. Məhəmmədəli Tahirov (80+kq) və Orxan Əliyev (80 kq) komanda yoldaşlarının uğursuzluğunu unutdura biliblər. Boksçularımızın qələbəsi bütün nümayəndə heyətini sevindirib. Tahirov Ermənistan təmsilçisi Seryoja Hakobyanı məğlubiyyətə uğradıb – 10:7.

Əliyev isə Ermənistan komandasının digər üzvü Artur Avdalyanı rinqdən peşman yola salıb – 12:8. Heyətdə olan digər - Orxan Əliyev (54 kq) yarışa qələbə ilə start götürüb. Həmyerlimiz litvalı Remigijus Krasniçkası 12:6 hesabı ilə üstələyib. Qeyd edək ki, komandamız Avropa birinciliyində tam heyətlə mübarizə aparır.

Xəbər 1173 dəfə oxundu.