Deyan Kelhar «Qəbələ»də
“Qəbələ” klubu mövsümlərarası fasilədə ilk legioner transferini reallaşdırıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ötən mövsümü Türkiyə Superliqasında “Samsunspor”un heyətində keçirən sloveniyalı futbolçu Deyan Kelharla 2 illik müqavilə imzalanıb. Kelhar imzadan öncə İstanbul Acıbadəm xəstəxanasında tibbi müayinədən keçib.

Müdafiəçi olan Kelhar 1984-cü ilin aprelin 5-də Sloveniyanın Brejiçe şəhərində anadan olub. 1,88 metr boya malik Deyan peşəkar karyerasına 2003-cü ildə Sloveniyanın “Celje” klubunda başlayıb. Daha sonra “Olimpia” (Sloveniya), “Greuter Fürth” (Almaniya), “Cercle Brugge” (Belçika), “Legia” (Polşa), “Hapoel” (Hayfa, İsrail) klublarında oynayıb. Son mövsümdə “Samsunspor”un şərəfini qoruyan 28 yaşlı müdafiəçi 2 dəfə ölkəsinin millisinin formasını geyinib. Kelhar son dəfə may ayının 26-da Yunanıstana qarşı baş tutan rəsmi yoldaşlıq oyununda Sloveniya millisinin start heyətində yer alıb.

Qeyd edək ki, qəbələlilərin bunadək transferləri yerli oyunçular -müdafiəçi Şəhriyar Xəlilov, yarımmüdafiəçi Rəşad Abdullayev və icarədən qayıdaraq, yeni müqavilə imzalanan qapıçı Anar Nəzirov olub.

Xəbər 1103 dəfə oxundu.