Trek velosipedi üzrə Avropa çempionatı Bolqarıstanda keçirilə bilər
Trek velosipedi üzrə növbəti Avropa çempionatı Bolqarıstanın Plovdiv şəhərində keçirilə bilər.

Bu barədə Avropa Velosipedçilər Birliyinin (AVB) vitse-prezidenti Aleksandr Qusyatnikov məlumat verib. O, qeyd edib ki, qitə çempionatının Plovdivdə keçirilməsi ilə bağlı Bolqarıstanla müvafiq danışıqlar aparılır. İyulun 1-dək bununla bağlı rəsmi qərar qəbul ediləcək.

Avropa çempionatının əvvəlcə bu il oktyabrın 14-dən 18-dək keçirilməsi planlaşdırılırdı. Lakin koronavirus pandemiyası və “Tokio-2020”nin təxirə salınması ilə əlaqədar olaraq beynəlxalq idman təqvimində dəyişiklik baş verib. Bu ilin may ayında AVB trek velosipedi üzrə Avropa çempionatının 2020-ci il noyabrın 11-dən 15-dək keçiriləcəyinə qərar vermişdi. Qeyd edilmişdi ki, turnirin keçiriləcəyi yerlə bağlı daha sonra məlumat veriləcək.

Ötən il trek velosipedi üzrə Avropa çempionatı Hollandiyada keçirilib.

Xəbər 570 dəfə oxundu.