İdman Akademiyasında onlayn dərslərə ən çox qatılan tələbələr mükafatlandırılıb
Pandemiya dövründə tədris prosesinin davamlılığının təmin edilməsi üçün tədrisin distant formada həyata keçirilməsinə zərurət yaranıb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası artıq illərdir ki tədris təlim prosesində informasiya texnologiyalarının imkanlarından geniş şəkildə istifadə etdiyi üçün bu dövrə tamamilə hazır idi. Bu isə öz növbəsində pandemiya dövründə onlayn təhsil prosesinə sürətli keçiddə və tədris prosesinin effektivliyinin təmin edilməsində böyük rol oynayıb.

ADBTİA-dan Azsport.az saytına verilən məlumata görə, onlayn tədris prosesi təhsil müəssisəsində “Microsoft Teams” proqramı vasitəsilə həyata keçirilir. Bu proqramla tələbələrin statistik məlumatlarını analiz etmək, onların sistemdə olma müddətini görmək, hər bir tələbənin gündəlik nəticələrini nəzarət altında saxlamaq olur. Eyni zamanda, bütün bu proses Akademiya rəhbərliyi tərəfindən müşahidə olunur.

Pandemiya dövründə onlayn dərslərdə böyük həvəslə iştirak edən, bütün problemlərə baxmayaraq çəkdiyi zəhmət və məsuliyyəti ilə seçilən tələbələr təhsil müəssisəsinin rəhbərliyinin daim diqqət mərkəzindədir. Belə ki, ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) yüksək olan və dərslərdə aktiv və səmərəli iştirak edən tələbələr Akademiya rəhbərliyi tərəfindən mükafatlandırılıb. Tələbələrdən Həsən Həsənli (“Məşqçi” ixtisası, 117A8 qrupu), Rəşad İbrahimli (“Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 138A2 qrupu), Samir Mirzağayev (“Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimi” ixtisası, 129R1 qrupu), Zəhra Axundzadə (“Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası, 139A1 qrupu), Mənsur Bağırzadəyə (“İdman menecmenti və kommunikasiya” ixtisası, 148A1 qrupu) planşetlər təqdim edilib.

Xəbər 532 dəfə oxundu.