Beynəlxalq Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq prosesini optimallaşdırmağa çalışır
Beynəlxalq Olimpiya Komitəsi (BOK) İsveçrə Səhiyyə Nazirliyinin qərarına uyğun olaraq ötən həftədən işçi heyətinin 30 faiz ilə ofisdən fəaliyyət göstərməyə başlayıb. Xatırladaq ki, işçi heyəti COVID-19 pandemiyası səbəbindən martın 16-dan ev şəraitində işləyirdi.

Beynəlxalq qurumun ofisdən təşkil olunan ilk iclasında bir sıra məsələlər müzakirə olunub. BOK İcraiyyə Şurasının videoformat şəklində keçirilən konfransında irqi ayrı-seçkiliklə bağlı qətnamənin mətni oxunub. BOK-un Koordinasiya Komissiyasının, eləcə də “Tokio-2020”, “Pekin-2022”, “Paris-2024” Olimpiya Oyunları Təşkilat komitələrinin hesabatları dinlənilib.

“Tokio-2020” Olimpiadasının hesabatında əsas diqqət 2021-ci ildə keçirilməsi planlaşdırılan yarışların yol xəritəsinə yönəldilib. Məqsəd Olimpiadaya hazırlığı asanlaşdırmaq və optimallaşdırmaqdır.

“Paris-2024” Olimpiya Oyunlarına gəldikdə, BOK-un İcraiyyə Şurası idmançıların sayı, Olimpiya proqramına daxil ediləcək 4 əlavə idman növü ilə (breyk, skeytbord, qayaya dırmanma və sörfinq) ilə bağlı müddətin 2020-ci ilin dekabrına qədər uzadılmasına qərar verib.

Xəbər 494 dəfə oxundu.