Çilingərlikdən idman jurnalistikasına
Zəngin tarixinin 88-ci səhifəsini yazmaqda olan “İdman” qəzetinin təşəkkül tapmasında və oxucuların rəğbətini qazanmasında bir vaxtlar redaksiya kollektivinin ən yaxın köməkçiləri olmuş ştatdankənar müxbirlərimiz də mühüm rol oynamışlar. Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın, demək olar, hər yerində — Naxçıvan Muxtar Respublikası, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Ağdam, Əli Bayramlı (indiki Şirvan), Qazax, Quba, Saatlı və digər bölgələrdə fəaliyyət göstərən həmkarlarımız respublikamızda bədən tərbiyəsi — idmanın təbliği və inkişafına öz töhfələrini vermişlər. Buna görə də həmişə minnətdarlıqla xatırlanacaqlar.

“İdman”la yaxından əməkdaşlıq etmiş ştatdankənar müxbirlərimizdən biri idman ictimaiyyətimizə yaxşı tanış olan Əməkdar jurnalist, Fəxri bədən tərbiyəsi və idman işçisi Yaqub Nuriyevdir. Politexnik İnstitutun (indi Texniki Universitet) axşam şöbəsinin və Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun məzunu olan Yaqub müəllimin idman mövzusunda ilk məqaləsi, özünün dediyi kimi, tələbəlik illərində çilingər işlədiyi Yeni Bakı Neftayırma Zavodunun çoxtirajlı “Çilingər” qəzetində dərc olunub.

Sonralar bir çox il ərzində Azərbaycan radiosunda şöbə müdiri vəzifəsində çalışmış, respublika Otüstü Hokkey Federasiyasında (yaxın keçmişdə idmanın bu növünün bizdə yaxşı ənənələri olub) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik etmiş Yaqub müəllim daim idman hadisələrini diqqət mərkəzində saxlamışdır. İdman həvəskarları, xüsusən də futbol azarkeşləri həmkarımızın istər respublikada, istərsə də onun hüdudlarından kənarda keçirilən yarışlardan reportajlarını, ayrı-ayrı idmançılar, məşqçi və mütəxəssislər, komandalar, idmanımızın uğurları və problemləri barədə söhbətlərini dinləmiş, bəzən hər hansı bir yarışın nəticəsi haqqında ilk məlumatı radioda elə onun dilindən eşitmişlər.

Təsadüfi deyil ki, Y. Nuriyev dəfələrlə Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının mükafatlarına layiq görülmüş, eləcə də, ilin ən yaxşı idman jurnalisti seçilmişdir. Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə 2008-ci ildən Əməkdar jurnalist adı daşıyır.

İdman jurnalistikamızın veteranlarından biri olan Yaqub Nuriyev hazırda fəaliyyətini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası kafedrasının baş müəllimi kimi davam etdirir, bu sahədə aldığı bilikləri həvəslə tələbələrinə öyrədir. Artıq 67 yaşının astanasında olan həmkarımıza bundan sonra da yorulmaz fəaliyyət arzulayırıq.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

15.06.2020

Xəbər 815 dəfə oxundu.