Əjdər Cəfərov Almaniyada keçiriləcək turnirdə baş hakim olacaq
Xəbər verdiyimiz kimi, Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri beynəlxalq turniri keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda hər 2 növ üzrə yığma komandamızın ümumilikdə 6 üzvü iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov Almaniya qran-prisinin baş hakimi kimi yarışlara nəzarət edəcək. O, turnirin idmançıların öz hazırlıqlarını yoxlamaq baxımından əhəmiyyətli olduğunu bildirib:

“Olimpiya oyunları öncəsi güləşçilərin öz qüvvələrini sınayacağı son turnirlərdən biri olan Almaniya qran-prisi bütün ölkələr üçün əhəmiyyətlidir. Güləşçilər həm rəqiblərin son hazırlığını izləyəcək, həm də öz hazırlıqlarını təhlil etmək imkanı əldə edəcəklər. Bu baxımdan, turnirin əhəmiyyəti böyükdür. Məşqçilər də öz növbəsində digər ölkə təmsilçilərinin son vəziyyətini müşahidə edərək, Olimpiadaya qalan son bir ay ərzində yığma üzvlərinin daha yaxşı hazırlaşmaları üçün imkan əldə edəcəklər”.

Xatırladaq ki, Almaniya Qran-Prisində yunan-Roma güləşi yarışlarında Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq), sərbəst güləş yarışlarında isə Hacı Əliyev (60 kq), Əşrəf Əliyev (74 kq), Aleksandr Qostiyev (74 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) öz qüvvələrini sınayacaqlar.

Xəbər 1217 dəfə oxundu.