Londona vəsiqənin taleyi Almaniyada həll olunacaq
İyunun 30-u - iyulun 1-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, yarışda hər 2 güləş növü üzrə ümumilikdə 6 idmançımız iştirak edəcək.

Baş məşqçi Saleh Boranın rəhbərliyi ilə yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Həsən Əliyev (60 kq) olimpiada öncəsi son turnirdə qüvvələrini sınayacaqlar.

4 sərbəst güləşçimiz Almaniyada baş məşqçi Seypulla Absəidovun başçılığı ilə çıxış edəcək, Əsas diqqət 74 kq çəki dərəcəsinə yönələcək. Çünki bu çəkidə Londonda ölkəmizi təmsil etməyə 2 güləşçi - Əşrəf Əliyev və Aleksandr Qostiyev iddia edir. Bu baxımdan, Dortmund turniri bir çox suallara aydınlıq gətirə bilər. Bundan başqa, Hacı Əliyev (60 kq) və Məhəmmədhacı Xatiyev (84 kq) də Almaniyada mübarizə aparacaqlar.

Beynəlxalq dərəcəli referimiz Fəraqət Cəlalov hakim kimi beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək.

Xəbər 1225 dəfə oxundu.