Avrokuboklarda rəqiblərimiz məlum oldu
Bu gün klub futbolunun yeni mövsümündə ilk əlamətdar gün idi. Püşkatma qitə turnirlərində ilk mərhələlərin rəqiblərini aşkara çıxarıb. Azərbaycan klublarının da builki mövsümdə imkan və məqsədləri, rəqibləri haqqında söhbət açmaq olar.
İsveçrənin Nyon şəhərində Bakı vaxtilə saat 15:00-da Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatması keçirilib. Azərbaycan çempionu “Neftçi”nin bu mərasimdə bəxti gətirib. Belə ki, Böyükağa Hacıyevin baş məşqçisi olduğu komanda potensial rəqibləri arasında ən münasibi olan “Zestafoni”yə düşüb. Püşkə görə, “ağ-qaralar” ilk matçı evdə keçirəcəklər.

Bayraqdar Avropanın ən nüfuzlu turnirinin yeni mövsümünə iyulun 17-də başlayacaq. Cavab matçı bir həftə sonra Tiflisdə baş tutacaq.
“Neftçi” və “Zestafoni” arasında mübarizə 2 ölkə təmsilçilərinin 3-cü dueli olacaq. 2004/05 mövsümündə UEFA kubokunda mübarizə aparan “Şəmkir” o qədər də güclü olmayan “Olimpi” ilə qarşılaşmışdı. Rustavidə 0:1 hesabı ilə uduzan təmsilçimiz Şəmkirdəki cavab oyununda 1:4 hesabı ilə yenilmişdi.
2 ildən sonra isə 2 ölkənin çempionları “Bakı” ilə “Sioni” münasibətlərini ayırd etdi. Hazırda “Neftçi”nin baş məşqçisi olan Böyükağa Hacıyev avrokuboklarda Gürcüstanda - Bolnisidə debüt etmişdi. Gürcülər onun “siftə”sini 2 qolla korlamışdı - 2:0. “Neftçi”nin digər üzvü Rail Məlikovun da oynadığı duelin cavab oyununda isə “Bakı” 1:0 hesabı ilə qalib gəlmişdi. Hacıyevin ötən ay imtina etdiyi sabiq “Neftçi”li Fərid Quliyev Gürcüstan klubları üzərində yeganə qələbəmizin memarı olmuşdu - 1:0.

«Neftçi» artıq hazırlığının optimal mərhələsinə çatmaq üzrədir. Doğrudur, klubda əsaslı dəyişikliklər var. Komanda daha çox gənc yerli futbolçulara və əcnəbilərə güvənəcək. Artıq ilk tansfer də reallaşdırılıb. «Ağ-qaralar» Braziliya gənclər yığmasının da üzvü olmuş 22 yaşlı Brunu Bertuççi ilə müqavilə imzalayıb. Amma Azərbaycan çempionunun ilk sınağını heç uğurlu adlandırmaq olmaz. Komanda Rusiya «Mordoviya»sına böyük hesabla uduzub.

bu gün Liqasının ilk təsnifat mərhələsində mübarizə aparan klublarımızın rəqiblərinə də aydınlıq gəlib. “Bakı”ya Sloveniyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirərək, qalib gəldiyi yerli “Mura” komandası düşüb.
Hazırlıq planı bir qədər qəribə tərzdə başlayan «ağ-göylər» keçmiş komanda yoldaşları Əziz Quliyevi yenidən «İnter»dən alıb. Komanda Avstriyanın Qras şəhərinin «Şturm" klubunda forma geyinən Georgi Popxadzeni də heyətinə cəlb edib. İndi «zolaqlılar»ın əsas problemi qapı ilə bağlıdır. Bu istiqamətdə axtarışlarının növbəti ünvanı da məlumdur. Kolumbiyalı Luis Enrike Martines Rodrigeslə anlaşa bilməyən “Bakı” indi serb Nikola Miloyeviçin izinə düşüb.
Premyer Liqamızın gümüş medalçısı “Xəzər Lənkəran”a postsovet ölkəsinin futbol komandası rəqib olub. Bu, Estoniyanın “Nomme Kalyu” klubudur.

«Ağ-yaşıllar» məqsədli hazırlıq planının ilk oyununda Kiyev «Dinamo»sunun əvəzedici heyətinə məğlub olub (0:2). İkinci görüşdə isə Rumıniya «Vasluy»una. Təəssüf doğuran məqam komandanın gözlənilən səviyyədə güclənməməsidir. Hərçənd Yunis Hüseynovun komanda yaratmaq bacarığına inansaq, kluba haradasa güvənmək və ona əvvəlki ilə müqayisədə daha tələbkar yanaşmaq olar.

“İnter”ə də Estoniya klubu düşüb. “Trans” təmsilçimizi keçmək üçün çox çalışmalıdır. Ümumiyyətlə, “ağlar”ın məqsəd və niyyəti məlumdur. Komandanın elə də böyük məqsədlər uğrunda yarışmayacağı aydındır. Lakin, həmişəki kimi, klubun hazırlıq planı optimal səviyyədə tərtib olunub. “Beynəlmiləlçilər”in, Türkiyə təlim-məşqinin ardınca, Sloveniyada yetərincə toparlanmaq imkanı var. Lakin imkanların səviyyəsini iki yoxlama-sınaq matçı da əyani göstərir. Klub Avstriya «Kapfenberq»inə və Sloveniya «Maribor»una eyni hesabla (0:1) uduzub.
Qeyd edək ki, “İnter” iyulun 5-də ilk matçını səfərdə, “Bakı” və “Xəzər Lənkəran” evdə keçirəcəklər. Cavab görüşü bir həftə sonra oynanılacaq.

Xəbər 1118 dəfə oxundu.