“Panatinaikos” klubu Avroliqadan ayrılıb
Yunanıstanın “Panatinaikos” basketbol klubu Avroliqa ilə əməkdaşlığı rəsmən dayandırıb. Afina basketbolçuları növbəti mövsüm qitənin ən nüfuzlu klub turnirində iştirak etməyəcəklər.

Yunanıstan klubu 2015-ci ildə Avroliqa ilə 10 illik müqavilə imzalamışdı. Amma son vaxtlar komandanın sahibi Dimitrios Yannakopulosun Avroliqa rəhbərliyi ilə söz savaşına çıxması vəziyyəti dəyişib. Nəticədə, “Panatinaikos” Avroliqa ilə müqaviləni birtərəfli qaydada pozmalı olub.

Komanda bundan başqa liqanın rəhbərliyini kəskin tənqid atəşinə tutub. “Panatinaikos” son iki ayda Avroliqadan ayrılmaqla bağlı təşkilatın rəhbərliyi ilə müzakirə aparmaq istəyib. Amma Xosep Bartomeu Avroliqanın imicini gözdən salmamaq üçün müzakirədən boyun qaçırıb. Üstəlik mətbuatın da bundan xəbər tutmasını istəməyib. Belə olduqda Afina klubu müqaviləni birtərəfli qaydada pozmağı qərara alıb. Komandanın Avroliqadan narazı qalmasının səbəbi isə gəlirlərin azalması olub.

Avroliqanı tərk edən “Panatinaikos” növbəti mövsüm FIBA-nın bayrağı altında keçirilən Çempionlar Liqasında çıxış etməyi planlaşdırır.

Xəbər 518 dəfə oxundu.