100 gündən sonra, açıq havada turnir keçirilib
Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika uşaq istirahət və sağlamlıq mərkəzində açıq havada Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş şahmat üzrə turnir keçirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına və TƏBİB-in tövsiyələrinə əsasən, bütün yarış iştirakçılarının bədən hərarətləri xüsusu cihaz vasitəsilə ölçülüb, hamıya tibbi maska, əlcəkdən istifadə etmək, sosial məsafənin gözlənilməsi tövsiyə olunub.

4 yaş qrupunda keçirilən yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Nəticələrə əsasən, 8 yaş qrupu arasında birinci yerə Aylin Nurəhmədli, ikinciyə Zəhra Səidzadə, üçüncü yerə Əsnad Baxışzadə layiq görülüblər.

10 yaş qrupu arasında Paşam Əlizadə birinci, Ənvər Babazadə ikinci, Tofiq Mən Simon üçüncü yeri tutublar. 12 yaş qrupu arasında Müthəd Gülüşov, Ramazan Şərifov, Elxan Nemətzadə,ə müvafiq olaraq birinci, ikinci, üçüncü yerləri bölüşüblər. 14 yaş qrupu arasında Təbriz Nurəhmədli birinci, Nail Ağayev ikinci, Nihad Baxşiyev üçüncü, qızlar arasında isə Dəniz Dövlətzadə, Ayşə Əliyeva, Selcan Nurəhmədli müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərə layiq görülüblər.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz  Vəliyev, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları 3 saylı Uşaq Gənclər  Şahmat Məktəbinin direktoru Cəmil Fətullayev  qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.  Yarışda I, II və III yerləri tutmuş şahmatçılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri  ilə təltif olunublar.

Qeyd edək ki, uzun müddətdən sonra keçirilən ilk canlı yarış bütün idmançıların böyük sevincinə səbəb olub.

Xəbər 584 dəfə oxundu.