Tennis mövsümünün təqvimi tərtib olunub
Tennis ictimaiyyəti mövsümün bərpasını səbirsizliklə gözləsə də, yarışların nə vaxt davam etdiriləcəyi haqda rəsmi qərar hələ də qəbul olunmayıb. Amma Rusiya mətbuatı artıq müəyyən informasiyalar əldə edib.

Koronavirusa görə dayandırılan tennis yarışlarının avqustun 3-dən bərpası ehtimal edilir. Belə ki, sabiq tennisçi Yevgeni Kafelnikov şəxsi “Twitter” səhifəsində Qadın Tennisçilər Assosiasiyasının (WTA) tərtib etdiyi, amma hələ üzə çıxartmadığı məlumatı paylaşıb. Rusiyalı raketka ustası izləyicilərini ona ötürülən təqvimlə tanış edib.

Təqvimə əsasən, mövsüm avqustun 3-də Çarlston və Palermodakı turnirlərlə bərpa ediləcək. Bir həftə sonra isə tennis həvəskarları Vaşinqton və Praqadakı yarışları izləyəcəklər. Avqustun 17-də Sinsinatidəki “Master” seriyalı turnir, 2 həftə sonra isə “US Open” çempionatı keçiriləcək. Sentyabrın 28-də tennisçilər “Böyük dəbilqə” seriyasının “Rolan Qarros” turnirində korta çıxacaqlar. Mövsümün sonuncu yarışı isə noyabrın 16-da illik yekun turniri olacaq.

“Böyük dəbilqə” seriyasının 20 qat qalibi Rocer Federer bu mövsüm heç bir turnirdə iştirak etməyəcəyini açıqlayıb. Otuz doqquz yaşlı raketka ustası dizinin zədələndiyini və formaya düşmək üçün bərpa kursu keçməli olduğunu bildirib.

Xəbər 456 dəfə oxundu.