Rumıniya millisinin futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər
Yunanıstanın AEL klubunun futbolçusu Qabriel Torje karyerasını Azərbaycanda davam etdirə bilər.

Super Liqa təmsilçisi ilə müqaviləsi bu ay bitəcək vingerin azad agent kimi ölkəmizə gəlmək variantı var. Otuz yaşlı futbolçu Premyer Liqanın iki klubuna təklif olunub. Söhbət “Neftçi” və “Zirə”dən gedir. Danışıqlar müsbət nəticələnsə, Torjeni bu klublardan birində görə bilərik.

Bir vaxtlar “Rumın Messi” adlandırılan Torje karyerası ərzində Buxarest “Dinamo”su ilə yanaşı, İtaliyada “Udineze”, İspaniyada “Qranada”, “Espanyol”, Rusiyada “Axmat”, Türkiyədə “Osmanlıspor”, “Karabükspor” və “Sivasspor”un formasını geyinib. Bu ilin qışında AEL-ə keçən yarımmüdafiəçi 4 matçda meydana çıxıb.

Torje 2010-cu ildən dəvət aldığı Rumıniya millisində meydana çıxdığı 66 oyunda 17 qol vurub.

Xəbər 511 dəfə oxundu.