Meksikada F1 pilotlarının dəbilqələrindən qoruyucu maska düzəltməyi qərara alıblar
Koronavirus pandemiyası dövründə plastik qoruyucu maska satışı ilə məşğul olan meksikalı Nelson Kardenas öz məhsullarını populyarlaşdırmaq üçün maraqlı bir üsul tapıb.

Kardenas qoruyucu maskaların üzərində Formula 1 pilotlarının dəbilqələrinin təsvirini köçürüb. İndi bu məhsulları bütün dünyada almaq istəyirlər.

Nelson deyib: “Mən uşaq yaşlarımdan avtomobil idmanının pərəstişkarı olmuşam. Buna görə də həmin həvəsimi öz məhsullarımla birləşdirmək qərarına gəldim ki, mənim kimi azarkeşlər öz sevimli pilotunun dəbilqəsi təsvir edilən maska taxa bilsinlər”.

Kardenasın sözlərinə görə, əvvəlcə maskaların üzərinə Amerika futbolu oyunçularının dəbilqələrini təsvir etmək fikrinə düşüb, lakin belə maskalar yaxşı görünməyib.

Bu maskaların fotoşəkilləri sosial şəbəkələrdə yayılandan cəmi bir neçə saat sonra onlar Formula 1 pərəstişkarları arasında çox populyarlaşıb. İstehsalçıya dünyanın hər yerindən məktublar gəlir. Belə maskanın qiyməti 110 pesodur (4,5 dollar).

Kardenas daha sonra deyib: “İspaniyada və İngiltərədə belə maskaları sifariş edirdilər, lakin çatdırma qiyməti yüksək olduğundan bu sifarişi həyata keçirmək mümkün olmadı. İspaniyada iki qohumum var. Mən onların ünvanına xeyli maska göndərməyi planlaşdırıram və bu maskaların satışını onlar təşkil edəcəklər”.

Kardenas əmindir ki, əgər 2020-ci il Meksika Qran-prisi zamanı tribunalarda tamaşaçılar olsa, üzərində Serxio Peres, Luis Həmilton, Sebastyan Fettel, Ayrton Senna, Mixael Şumaxer və başqa pilotların dəbilqələri təsvir edilən şəffaf maskalar daha da populyarlaşacaq.

Xəbər 498 dəfə oxundu.