Avro-2012: Portuqaliya daxilində dava
Çex Respublikasını keçərək yarımfinala yüksələn Portuqaliya yığmasında Rikardo Kuarejma ilə Migel Lopes arasında yaşanan gərginlik Avro-2012 gündəmində ön sıralara düşüb. Mətbuat üçün açıq olan məşqdə topa zərbəsində bir qədər diqqətsizlik edib, ona qarşı kobudluğa səbəb olan Migel Lopesə sərt reaksiya verən Kuarejma, komanda yoldaşları tərəfindən çətinliklə sakitləşdirilib.

İdman.com.az saytının məlumatına görə, bu iki futbolçu arasında yaşanan və haradasa yumruqlaşmağa qədər gətirib çatdıran söz davasından sonra baş məşqçi Paulo Bento onların hər biri ilə ayrı-ayrılıqda görüşüb söhbət etib. Kuarejma və Lopesi yana-yana gətirib barışdırmaq istəyən Bentonun bu səyinə Ronaldo və Pepe də dəstək verdilər. Ancaq bu plan bir səmərə verməyib. 500-ə qədər portuqaliyalı azarkeşin də izlədiyi məşq sahəsinin qısa bir müddətdən sonra boşaldılması da diqqətlərdən yayınmayıb.

Yaşanan hadisələrdən sonra açıqlama verən Rikardo Kosta «Kuarejma və Lopes arasında yaşanan hadisə əhəmiyyətsiz bir şeydi və bunu bu qədər böyütməyə gərək yoxdur. Məşq əsnasında bu cür halların yaşanması çox normaldı və iki futbolçu da topa sahib olmaq üçün mübarizə aparırdı. Biz futbolçular hər vaxt qazanmaq və yaxşı olmaq üçün oynayarıq və bu cür hallar zaman-zaman baş verə bilər».

Xəbər 1236 dəfə oxundu.