Bill Qeyts Formula 1 Avstriya Qran-Prisinin açılışında iştirak edəcək
Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə iyulun 5-də Avstriya Qran-Prisi ilə start veriləcək. Avtoidman həvəskarlarının maraqla gözlədiyi yarışın açılışına görkəmli ictimai xadimlər də dəvət olunacaq.

“Microsoft” şirkətinin yaradıcısı, xeyriyyəçiliyi ilə tanınan amerikalı milyarder Bill Qeyts Avstriya Qran-Prisinin açılışında iştirak edəcək. Bu barədə Avropa mətbuatı məlumat yayıb. Qran-Prinin azarkeşsiz keçirilməsi planlaşdırılsa da, təşkilatçılar tədbirin dəbdəbəli olmasına çalışırlar.

Bill Qeytsi mərasimə “Red Bull”un sahibi, məşhur avstriyalı milyarder Ditrix Mateşits dəvət edib. Lakin Avstriya komandasının məsləhətçisi Helmut Marko bu barədə mətbuata məlumat verməkdən imtina edib: “Bu haqda danışmaq mənim vəzifə səlahiyyətlərimə aid deyil. Mən sadəcə Formula 1-də mövsümün açılışının Şpilberqdə yüksək səviyyədə keçirilməsinə səy göstərirəm. Digər məsələlərlə isə “Proyekt Şpilberq” və “Red Bull” şirkəti məşğul olur”.

Qeyd edək ki, bir həftə sonra pilotlar yenidən “Red Bull Ring” trasında ikinci Qran-Pridə starta çıxacaqlar.

Xəbər 497 dəfə oxundu.