Novak Cokoviç “US Open”də iştirak edəcəyinə əmin deyil
Avqustun 24-nə planlaşdırılan “US Open” turnirində ATP (Peşəkar Tennisçilər Assosiasiyası) reytinqinin liderlər qrupunda olan bəzi tennisçilər iştirak etməyəcək.

Səbəb ABŞ-da koronavirusun tüğyan etməsidir. ATP reytinqinin ikinci pilləsində qərarlaşan Rafael Nadal “US Open”də iştirakı ilə bağlı hələ də qəti qərara gəlmədiyini söyləyib. Nadalın sözlərinə görə, yarış ənənəvi şəkildə Nyu-Yorkda keçirilsə, korta çıxmağa dəyməz. Məsələ ondadır ki, bu şəhərdə virusla bağlı təhlükəsizliyə təminat vermək mümkün deyil.

Reytinqin lideri Novak Cokoviç də ispaniyalı həmkarına dəstək olub. Serbiya telekanallarından birinə açıqlamasında Novak hələ yekun qərar vermədiyini dilə gətirib: “Dünya tennisinin ayrı-ayrı turnirlərinin təşkilatçıları ilə söhbət etmişəm. Hamı yarışların bərpa edilməsinin zəruriliyi haqda danışır. Amma indiki məqamda “US Open”lə bağlı qeyri-müəyyənlik hələ də qalmaqdadır. Düzdür, bizə müəyyən prosedurlara əməl etməyi məsləhət görürlər. Amma onları yerinə yetirmək mümkün deyil. Məsələn, “US Open”in təşkilatçıları bizə Manxettenə gəlməməyi, hava limanının otellərində məskunlaşmağı və hər həftə 2-3 dəfə koronavirus testindən keçməyi tələb edirlər. Məşqlərdə isə yanımızda yalnız bir nəfər olmalıdır. Halbuki məşqçim, fizioterapevtim və başqa işlərdə mənə kömək edən insanlar var. Bütün bunları nəzərə alsaq deyə bilərəm ki, təşkilatçıların tələblərini yerinə yetirə bilməyəcəyəm. Ona görə də, “US Open”də iştirak edib-etməyəcəyimi hələ müəyyənləşdirməmişəm”.

Xəbər 505 dəfə oxundu.