Valentin Demyanenko 4-cü dəfə Avropa çempionu olub
Azərbaycan kanoeçisi Valentin Demyanenko karyerasında 4-cü dəfə Avropa çempionu olub. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən idman.com.az saytına verilən məlumata görə, 29 yaşlı təmsilçimiz növbəti uğuruna Xorvatiya paytaxtı Zaqrebdə keçirilmiş kayak və kanoe üzrə qitə çempionatında yetişib.

Titullu avarçəkən 1-nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 38,752 saniyə nəticə ilə birinci yeri tutub. Gümüş medalı ispaniyalı Alfonso Benavides (38,968), bürünc medalı isə litvalı Yevgeni Şuklin (39,060) əldə edib.

Məhz Demyanenkonun bu uğuru sayəsində Azərbaycan millisi Avropa çempionatını 1 qızıl medalla başa vurub.

Qeyd edək ki, London-2012-də mübarizə aparacaq Valentin əvvəllər 3 dəfə - 2005, 2009, 2011-ci illərdə dünya çempionu, 3 dəfə - 2009 və 2011-ci illərdə 200 metr və 500 metr məsafələrdə yürüşlərdə qitə çempionu olub.

Xəbər 3255 dəfə oxundu.