Hokkey üzrə Rusiya millisinə yeni baş məşqçi təyin olunub
Hokkey üzrə Rusiya millisinə yeni baş məşqçi təyin olunub. Uzun müddət ölkənin gənclərdən ibarət seçməsinə rəhbərlik edən Valeri Braqin bundan sonra əsas komandanın uğurları üçün çalışacaq.

Təcrübəli mütəxəssis ötən il milli komandaya baş məşqçi təyin olunan Aleksey Kudaşovu əvəzləyib. Avroturun son yarışlarında Rusiya millisinin axırıncı pillədə qalması federasiya rəsmiləri arasında narazılığa səbəb olduğundan baş məşqçi dəyişikliyi zərurətə çevrilib.

V.Braqin 2010-cu ildən müəyyən fasilələrlə Rusiyanın gənclərdən ibarət seçməsinə rəhbərlik edib. O vaxt komanda dünya çempionatlarında 2011-ci ildə qızıl, sonrakı mövsümdə isə gümüş medallara yiyələnib. 2014-cü ildən bəri V.Braqinin qayıdışından sonra rusiyalı gənc xokkeyçilər müvafiq turnirlərdə 3 gümüş və 2 bürünc medal qazanmaqla diqqət mərkəzinə düşmüşdü. Braqin Rusiya millisi ilə yanaşı, SKA komandasına da başçılıq edəcək.

V.Braqinin milliyə təyinatından sonra ölkənin gənclərdən ibarət seçməsi ikiqat Olimpiya çempionu İqor Larionova həvalə olunub. Məşhur hokkeyçi bundan əvvəl komandada Braqinin köməkçisi kimi çalışıb.

Xəbər 503 dəfə oxundu.