Futbolumuzun 100 illik yubileyi günlərində futbolla vidalaşmış Aqşin Kazımzadə
Bütün yaradıcılıq fəaliyyəti ərzində ən çox futboldan yazan, elə həyatla da Azərbaycan futbolunun 100 illik yubileyinin qeyd olunduğu günlərdə vidalaşan görkəmli jurnalist Aqşin Kazımzadənin vəfatından doqquz il ötür. İdman dünyamız üçün bu ağır itki 2011-ci il iyunun 10-una təsadüf etdi.

Bundan on gün əvvəl isə yubiley münasibətilə Azərbaycan Mətbuat Şurasında keçirilən tədbirdə həmkarlarının alqışları altında əsrin 33 idman jurnalistinin rəmzi komandasından birinci olaraq məhz Aqşin müəllimə MŞ-nın diplomu və AFFA-nın xatirə hədiyyəsi təqdim olunmuşdu.

Əməkdar jurnalist A. Kazımzadə artıq doqquz ildir idmanla, futbolla nəfəs almır. Lakin idman mətbuatımız, futbol ictimaiyyətimiz irili-xırdalı minlərlə yazının müəllifi olmuş məşhur həmkarımızı unutmur, onun xatirəsini daim dərin ehtiramla yad edir. Biz də bu gün bir daha Aqşin müəllim haqqında danışarkən onunla 1997-ci il dekabrın 12-də “Xalq qəzeti”ndə dərc edilmiş söhbətimizdən iki məqamı xatırlayaq.

Birinci məqam. A. Kazımzadə, bəlkə də, ən çox futboldan yazıb, ona görə də söhbətimiz əsasən bu sevimli oyun üstə kökləndi. Dedi ki, o zaman futbolda daha xoş mühit hökm sürürdü, hətta rəqiblər arasında münasibətlər qarşılıqlı hörmət xarakteri daşıyırdı. Məsələn, bir dəfə “Neftçi” Tbilisidə oynayanda Valeri Hacıyev Vladimir Barkayaya, necə deyərlər, göz verib, işıq verməmişdi. Barkaya da elə oyun zamanı ona zarafatla “imkan ver oynayaq, ya da burdan çıxıb gedək” demişdi. Yaxud 57-ci ildə biz “Ararat”ı 2:1 hesabı ilə udduq. Bu oyunda birinci topu qonaqlar vurdular. “Neftçi”nin qapısını AFFA-nın indiki baş katibi Çingiz İsmayılov qoruyurdu. Onun yenicə vəfat etmiş anasının hələ heç yeddisi çıxmamışdı, buna baxmayaraq, şir kimi oynayırdı. Oyundan sonra Çingizi hətta rəqiblər də alqışladılar.

İkinci məqam. Qırx bir əvvəl mən idman jurnalisti olmağı qarşıma məqsəd qoydum. Oldum da! İndiki cavanlar da bu işə girişəndə gərək ona ürəkdən yanaşsınlar. İndi bizdə idman mətbuatına maraq getdikcə artır. Son vaxtlar bir neçə yeni idman nəşri həyata vəsiqə alıb. Mən onlara uğurlar arzulamaqla yanaşı seçdikləri peşəyə böyük məhəbbətlə yanaşmağı və bu işlə fəxr görməyi tövsiyə etmək istərdim.

... Gözəl istəkdir, ustad!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

06.06.2020

Xəbər 824 dəfə oxundu.