Volf mövsümün sonunda Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib
Sebastyan Fettel özü açıqlama verməyənə qədər onun karyerasının gələcəyi haqqında rəy söyləmək mümkün olmayacaq. Heç Formula 1 komandalarının rəhbərləri də konkret qərara gələ bilməyəcək. Bir müddət əvvəl “Mercedes”in icraçı direktoru Toto Volfun almaniyalı pilotu öz heyətlərində görmək istəməsi ilə bağlı məlumat yayılsa da, deyəsən vəziyyət dəyişmək üzrədir.

T.Volf mövsümün sonunda “Ferrari”dən getməyə hazırlaşan Sebastyan Fettellə razılığa gələcəklərini istisna etməyib. Amma o, ehtiyat variant kimi Corc Rassellə də göz qoyduqlarını söyləyib: “Təbii ki, Fettel kimi dördqat dünya çempionuna “yox” demək mümkün deyil. Hər şeyi fikirləşmək lazımdır. Amma digər tərəfdən biz hər iki sürücümüzdən və ehtiyatda saxladığımız Corc Rasselldən razıyıq. Sadəcə, indiki məqamda heç nəyi istisna etmək olmaz. Sabah pilotlardan biri çıxıb “mən yarışmaq istəmirəm” deyə bilər. Belə olduqda komandada yerlərdən biri avtomatik boşalacaq. Ona görə də mən indi deyə bilmərəm ki, Sebastyanın bizim komandada çıxış etmək imkanı yoxdur. Belə açıqlama verməklə, Fettel kimi pilota kobudluq etmiş olarıq. Bəzən hamının başına gözlənilməz hadisələr gələ bilər. Yəqin ki, Niko Rosberqin komandamızı qəfil tərk etməsini unutmamısınız. Ona görə də biz digər variantları da nəzərdən keçiririk. Amma ilk növbədə biz öz pilotlarımız haqda fikirləşirik”.

Xatırladaq ki, bir müddət əvvəl Avropa mətbuatı “Mercedes” rəhbərliyindən Fetteli komandaya cəlb etməsinə dair “Daymler” şirkətinin tələbi ilə bağlı xəbərlər yaymışdı. Deyilənə görə, məhz T.Volf ilə Luis Hamilton “Ferrari” pilotunun bu komandaya keçməsinin əleyhinədir.

Xəbər 495 dəfə oxundu.