“Qəbələ” klubu Gənclər Liqasının beşqat qalibi olub
“Qəbələ” klubu AFFA tərəfindən təşkil olunan Gənclər Liqasının beşqat qalibi olub.

“Qırmızı-qaralar” İcraiyyə Komitəsinin qərarı ilə liderlik etdiyi 2019-2020-ci il mövsümünün çempionu elan olunub. Bu, klubun bu yaş qrupunda mübarizə aparan komandalarının ardıcıl 3-cü, ümumilikdə 5-ci zəfəridir.

2012-2013-cü il mövsümündən indiki formatda keçirilməyə başlayan, əvvəl U-19 Liqası adlanan yarışın birinci qızıl medallarını da “Qəbələ” qazanıb. 2015-2016-cı il mövsümündə isə Qəbələ təmsilçsi ikinci dəfə ölkənin ən yaxşısı olub. 2017-2018-ci və 2018-2019-cu il mövsümlərində də hamını qabaqlayan “Qəbələ”nin 19 yaşdan yuxarı komandası cari çempionatda pentakampeonluğunu rəsmiləşdirib.

Səkkizinci mövsümdə hamıdan çox – 5 dəfə qalib olan “Qəbələ” heç vaxt mükafatsız da qalmayıb. 2013-2014-cü və 2016-2017-ci il mövsümlərində yalnız çempiondan geri qalıb, gümüş mükafatla kifayətlənən “qırmızı-qaralar”ın ən uğursuz nəticəsi bürünc medaldır. Bu, 2014-2015-ci il mövsümünə təsadüf edib.

Aktivində 5 qızıl, 2 gümüş və 1 bürünc olan “Qəbələ” birinci çempionluq istisna olmaqla hər zəfərdə avrokuboka vəsiqə qazanıb. UEFA Gənclər Liqasında debütü 2016-2017-ci il mövsümündə reallaşan komanda son iki yarışda da Azərbaycanın təmsilçisi olub. 2018-2019-cu və 2019-2020-ci il mövsümlərindən sonra yenidən qitə səhnəsinə çıxacaq komanda ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə avrokubokda oynayacaq.

Xatırladaq ki, “Qəbələ”nin U-19 kollektivi cari mövsümdə çempion olan üçüncü komandasıdır. Bunadək “Qəbələ”nin U-15 və U-16 komandaları da qalib elan edilib.


Xəbər 473 dəfə oxundu.