Azərbaycanlı məşqçi FIG prezidentinin layihəsinə ekspert qismində dəvət alıb
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən Əməkdar məşqçi adına layiq görülmüş Mariana Vasileva beynəlxalq qurumun prezidenti Morinari Vatanabenin layihəsinə ekspert qismində dəvət alıb.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, “Bədii gimnastika üzrə islahat” layihəsi M.Vatanabe tərəfindən 2018-ci ilin əvvəllərində irəli sürülüb. Layihənin məqsədi bədii gimnastikanın daha cəlbedici, ədalətli və geniş insan kütləsi tərəfindən daha anlaşıqlı edilməsindən ibarətdir.

Layihənin əsas istiqamətlərindən biri isə bədii gimnastikada artistizmə görə qiymətləndirmə sistemini təkmilləşdirməkdir. Bu məqsədlə son dünya çempionatının reytinq siyahısında ən yüksək yerləri tutmuş ölkələrin baş məşqçilərinə layihə ilə bağlı təkliflərini və ideyalarını bölüşmək imkanı yaradılıb.

Azərbaycan yığmasının baş məşqçisi M.Vasileva da artistizmə görə ədalətli qiymətləndirmə sisteminin yaradılmasına dair idealarını bölüşmək, eləcə də iyulda layihə çərçivəsində keçiriləcək video-konfransda iştirak üçün dəvət alıb.

Toplanmış təklif və ideyalar bədii gimnastika üzrə növbəti Qaydalar toplusunu yekunlaşdırmaqda FIG-nin bədii gimnastika üzrə Texniki Komitənin işində yardımçı olacaq.


Xəbər 577 dəfə oxundu.