“Red Bull” Sebastyan Fetteli geri qaytarmaq fikrində deyil
Mövsümün sonunda Sebastyan Fettelin “Ferrari”dən ayrılaraq hansı komandaya üz tutacağı bilinmir. Formula 1 üzrə dördqat dünya çempionunun heç özü də hansı qərarı qəbul edəcəyini müəyyənləşdirə bilməyib. Amma Formula 1 ictimaiyyəti mümkün variantlar barədə mülahizə yürütməkdə davam edir.

S.Fettelin mövsümün sonunda “Ferrari”dən gedəcəyindən sonra hansı qərarı qəbul edəcəyi əsas müzakirə mövzularından biridir. İndiki məqamda almaniyalı pilotun iddiasız komandalara keçəcəyinə heç kim inanmır. Çempionluq uğrunda mübarizə aparan komandalar isə artıq onunla maraqlanmır. Halbuki “Ferrari”yə qədər “Red Bull”da 4 dəfə dünya çempionu olan pilot sabiq komandasına qayıda bilərdi. Amma avstriyalılar sabiq sürücüləri ilə anlaşmaq fikrində deyil.

“Qırmızı öküzlər”in məsləhətçisi Helmut Marko indi öz pilotlarına güvəndiklərini söyləyib: “Mən müntəzəm olaraq Fettellə telefon vasitəsilə söhbət edirəm. Biz fikirlərimizi bölüşürük. Onun növbəti mövsüm komandamıza keçəcəyini tam istisna edirəm. Bizim Maks Ferstappen və Aleksandr Albonla müqaviləmiz var. Amma Fettelin “Mercedes” və “Aston Martin”ə keçəcəyini də söyləyə bilmərəm. Görək, hadisələr hansı istiqamətdə cərəyan edəcək”.

“Ferrari”nin adı açıqlanmayan rəsmilərindən biri Fettel ilə vidalaşmalarının səbəbindən danışıb. Onun sözlərinə görə, komandanın rəhbərliyi Sebastyana məvacibi azaltmaq şərti ilə yeni müqavilə təklif etsə də, almaniyalı pilot razılaşmayıb.


Xəbər 483 dəfə oxundu.