Avstriyada keçiriləcək ikinci Formula 1 yarışının adı müəyyənləşib
İyunun 2-də Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb. Təqvimə əsasən Avstriya iki yürüşə ev sahibliyi edəcək.

Artıq ikinci yürüşün adı müəyyənləşib. Belə ki, iyulun 5-də keçiriləcək yürüş Avstriya Qran-Prisi, ayın 12-də təşkil olunacaq yarış isə Ştriya Qran-Prisi adlanacaq. Hər iki yarış Avstriyanın Ştriya regionunda yerləşən avtodromda baş tutacaq.

2020-ci il mövsümündə Böyük Britaniya da iki yürüşə ev sahibliyi edəcək. Keçiriləcək ikinci yürüşün adı hələ müəyyənləşməyib.

Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi. Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.

Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Azərbaycan, Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xəbər 463 dəfə oxundu.