Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb
Formula 1 üzrə dünya çempionatının ilk 8 Qran-Pri üçün təqvimi açıqlanıb.

Qurum təşkilatçıların və komandaların nümayəndələri ilə müzakirələr apardıqdan sonra qərarını açıqlayıb.

Qərara əsasən yarışın yeni mövsümünə iyulun 3-5-də Avstriyada start veriləcək. Avstriya ikinci yarışa iyulun 10-12-də ev sahibliyi edəcək. İyulun 17-19-da Macarıstan Qran-Prisi təşkil olunacaq. İyulun 31-dən avqustun 2-dək və avqustun 7-9-da Böyük Britaniyada iki yarış keçiriləcək. Avqustun 14-16-da İspaniyada, ayın 28-30-da Belçikada, sentyabrın 4-6-da isə İtaliyada yarışların təşkili nəzərdə tutulub.

Azərbaycan Qran-Prisinin vaxtı isə hələ müəyyənləşməyib. Çempionatın ilkin təqviminə görə, Bakı şəhər halqasında yürüş iyunun 5-7-də keçirilməli idi.

Formula 1-in rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq vəziyyəti nəzərə alaraq dekabra qədər ən azı 15-18 yürüşün təşkilini planlaşdırır.

Qeyd edək ki, Formula 1-in 2020-ci il mövsümü koronavirus pandemiyası səbəbindən hələ başlamayıb. Avstraliya, Monako, Niderland və Fransa yarışları ləğv olunub. Azərbaycan, Bəhreyn, Çin, Vyetnam və Kanada mərhələləri isə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xəbər 472 dəfə oxundu.