Stend Atıcılığı Kompleksi fəaliyyətini genişləndirir
Ölkəmizdə koronavirus pandemiyası dövründə idman qurğularının, komplekslərin fəaliyyətində müəyyən fasilədən sonra məşqlərin keçirilməsi bərpa edilib.

Stend Atıcılığı Kompleksi də qapılarını idmançıların, həvəskarların, açıq havada bu idman növü ilə məşğul olan idmançıların üzünə açaraq bu mövsüm üçün hazırlığı davam etdirir. Kompleksin direktor əvəzi Mayıl Həsənovla görüşüb idman qurğusunun fəaliyyəti ilə bağlı məlumat aldıq.

M.Həsənov dünyada geniş yayılmış idman növlərindən biri olan atıcılığın Azərbaycanda qədim ənənələri olduğunu bildirdi. O, qeyd etdi ki, bu növ üzrə müxtəlif dövrlərdə əldə edilmiş uğurlar təsadüfi deyil. Ən böyük nailiyyətlər isə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra qazanılıb: “Dünyanın ən məşhur idmançıları sırasında adı çəkilən Zemfira Meftəhətdinova stend atıcılığı üzrə Sidney Olimpiadasının qızıl, Afina Yay Olimpiya Oyunlarının bürünc medallarını qazanıb. Dəfələrlə dünya və Avropa çempionudur. Digər tanınmış idmançımız İradə Aşumova isə güllə atıcılığı üzrə Afina Yay Olimpiya Oyunlarının bürünc medalçısı, dünya və Avropa çempionatlarının qalib və mükafatçısı olub.

Sidney Olimpiadasından sonra ulu öndər Heydər Əliyevin göstərişi ilə Stend Atıcılığı Kompleksinin tikilərək istifadəyə verilməsi bu sahədə daha güclü potensiala malik idmançıların yetişməsi üçün geniş imkanlar yaradıb”.

O, ən müasir avadanlıqla təchiz edilmiş və hər bir şəraiti olan kompleksdə stend atıcılığı ilə yanaşı, atıcılığın digər növlərinin inkişafı üçün də lazımi şərait yaradıldığını və bu imkanlardan istifadə edərək gələcəyin olimpiyaçılarını yetişdirməyin ümdə vəzifə olduğunu bildirib: “Ən əsas işimiz atıcılıq idman növü üzrə yüksək nailiyyətlərə imza atacaq atıcılar yetişdirməkdir. Bununla yanaşı, kompleksin qapıları bu idman növünə marağı olan hər kəs üçün açıqdır. Əsasən uşaq, yeniyetmə və gənclərimizi idman ocağına cəlb etmək, onların bu idman növünün sirlərinə dərindən yiyələnməsi üçün əlimizdən gələni etməyə çalışırıq.

Kompleks Beynəlxalq Atıcılıq Federasiyasının bütün norma və tələblərinə tam cavab verir, zallarda aparıcı dünya istehsalçılarının ən yeni avadanlıqları quraşdırılıb. Belə ki, çoxsaylı inzibati binalardan, idmançılar və komandalar üçün nəzərdə tutulmuş yerlər, məşq və yarış zalları, hakimlər üçün xüsusi otaqlar, eyni zamanda, mətbuat konfranslarının keçirilməsi üçün böyük zallar, dopinq yoxlama otağı, tibb məntəqəsi və s. təlim-məşq prosesinin burada ən yüksək səviyyədə qurulmasını təmin edir. Ərazisi abadlaşdırılmış, yaşıllıq zolaqları salınmış kompleksdə idmançı, məşqçi və qonaqlar üçün hər bir şərait var. Hazırda kompleksdə stend atıcılığı ilə yanaşı, olimpiya idman növü olan güllə atıcılığı və digər növlərın inkişaf etdirilməsi üçün də böyük imkanlar var.

Qeyd edək ki, Rusiyanın güllə atıcılığı üzrə yığma komandası bu ilin mart ayında karantin rejimindən öncə kompleksdə təlim-məşqlər keçib. Komandanın baş məşqçisi Tatyana Qaldubina “İdman” qəzetinə verdiyi müsahibədə yığma üzvlərinin kompleksdə yüksək səviyyədə təlim-məşqlər keçdiyini qeyd edib: “Rusiya komandası öz nailiyyətləri ilə həmişə öndə gedən yığmalardan biri kimi diqqəti cəlb edib. Atıcılarımızı Bakıya təlim-məşqlərə gətirməkdə məqsədimiz onların hazırlığını istədiyimiz səviyyəyə qaldırmaq idi. Bu cür komplekslər tək-tükdür və onların geniş imkanları işlərimizi lazımi səviyyədə qurmaq imkanı verir. Komandamızın 14 üzvü 12 günlük təlim-məşq toplanışına qatıldı və nəticə çox yaxşıdır. Burada məşq etmək, qidalanmaq, qalmaq və digər xidmətlər idmançıların ürəyindən idi və məmnuniyyətlə yenidən kompleksdə təlim-məşqlərimizi keçirməyi düşünürük. Pandemiya Tokio Olimpiadasının 1 il təxirə salınmasına səbəb oldu. Şübhəsiz, idmançılarımızın formada qalması üçün yüksək səviyyəli təlim-məşqləri davam etdirməliyik”.

Rusiya komandası ilə yanaşı, Gürcüstanın güllə atıcılığı üzrə yığma komandası da kompleksdə təlim-məşqlərə qatılmışdı. Yığmanın baş məşqçisi Nino Salukvadze kompleksin dünyanın ən qabaqcıl idman qurğularından biri olduğunu qeyd etdi: “Kompleks çox rahatdır və burada məşq etmək, qidalanmaq, məşqdən sonra dincəlmək üçün hər bir şərait var. Müasir avadanlıqla təchiz edilmiş idman qurğusunda idmançıların hərtərəfli məşq keçmələri üçün gözəl imkanlar yaradılıb”.

M.Həsənov kompleksin öz fəaliyyətini getdikcə genişləndirməyi qarşısına məqsəd qoyduğunu bildirib. O, yığma komandalarımızla yanaşı, xarici ölkə komandalarının da burada təlim-məşq prosesi keçdiklərini vurğulayıb: “Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyası təlim-məşqlərin təşkili, idmançıların hazırlığının yüksək səviyyədə təminatı üçün lazımi kömək göstərir. İstedadlı yeniyetmələrimiz var və onları üzə çıxarmaq lazımdır. Bu istiqamətdə işlər davam etdirilir.

Atıcılığa maraq göstərənlər arasında gənclər, şübhəsiz, daha çoxdur. Onlar həm idmanla məşğul olmaq, həm də asudə vaxtlarını mənalı keçirmək üçün müraciət edirlər. Stend Atıcılığı Kompleksi öz fəaliyyətini getdikcə genişləndirir. Qarşıda bir sıra planlar və perspektivlər var. Çalışacağıq ki, həm idmançılar, həm də bu idman növünə həvəs göstərən hər bir yeniyetmə və gənc üçün kompleks ən doğma məkana çevrilsin.


Bəsti Sabirqızı

Xəbər 621 dəfə oxundu.