Sağlam böyüyün, uşaqlar!
Bu gün 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günüdür. Bu bayram günü işıqlı gələcəyimiz olan oğlan və qızlara sağlam və gümrah böyüməyi, bunun üçün bədən tərbiyəsi və idmanla yaxından, ürəkdən dostluq etməyi arzulamaq istərdik.

Bədən tərbiyəsi və idmanın uşaqların həyatında necə mühüm rol oynadığını hər birimiz yaxşı bilirik. Yüksək fiziki hazırlıq olmadan hər hansı məqsədə doğru mətin addımlarla irəliləməyin mümkün olmadığı da hamımıza məlumdur.

İdman ictimaiyyətimizin yaşlı nəslinin nümayəndələri artıq çox uzaq görünən 1974-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və bütünlüklə bədən tərbiyəsi —idmanın vəziyyətinə və daha da inkişaf etdirilməsi məsələsinə həsr olunmuş respublika partiya fəalları yığıncağını yəqin ki, unutmayıblar. Azərbaycan rəhbərinin həmin yığıncaqda söylədiyi nitqdən indi oxuyacağınız sətirlərə diqqət yetirin: “Uşaqlar, oğlan və qızlar məhz məktəbdə ümumtəhsil fənləri üzrə bilik əldə etməklə yanaşı, fiziki cəhətdən də inkişaf etməli, orada hər bir oğlan və qıza bütün ömrü boyu bədən tərbiyəsi və idmana məhəbbət bəsləmək duyğusu aşılanmalıdır. Hər bir şagird başa düşməlidir ki, insan fiziki cəhətdən mətinləşmədən nə istehsalatda, nə elmdə, nə də mədəniyyətdə yüksək zirvələr fəth edə bilməz”.

Mənim uşaqlıq illərim Qazaxda keçib, təhsil aldığım 1 nömrəli şəhər orta məktəbində bədən tərbiyəsi dərslərini, bölmə məşğələlərini necə səbirsizliklə gözləməyimiz yaxşı yadımdadır.

Bəxtimiz gətirmişdi, bədən tərbiyəsi müəllimimiz, sərbəst güləşdə məşhurlaşmış Kamal Əhmədov dərsləri maraqlı, məzmunlu keçirdi. Onun məqsədyönlü fəaliyyəti sayəsində məktəbdə güləş, futbol, voleybol, stolüstü tennis pərəstişkarları çox idi.

K. Əhmədovun sonralar SSRİ idman ustası, Əməkdar bədən tərbiyəsi və idman xadimi adlarına, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi təsadüfi deyildi. Kamal müəllimin qardaşları Cəlal və Sarı da usta güləşçilər idi.

Uşaqların bugünkü bayramının yaratdığı fürsət sayəsində məktəb illərimi, idman dərslərimizi xatırlayarkən digər bədən tərbiyəsi müəllimi Fərman İsmayılovun, hərbi hazırlıq müəllimi Əhməd Rzayevin keçdikləri məşğələləri də qeyd etməliyəm.

Respublikamızın Əməkdar bədən tərbiyəsi və idman xadimi, sərbəst güləş üzrə SSRİ idman ustası Ramiz Tağıyev və hazırda dünyanın ən yaxşı sərbəst güləş məşqçilərindən biri kimi tanınan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, “Şöhrət” ordenli Firdovsi Umudov da yüksək ad-sana doğru yolda ilk addımlarını yaxşı ənənələri olan Qazax güləş məktəbində atmışlar.

Əziz uşaqlar, siz də idmanla dostluqdan yorulmayın, həmişə sağlam və gümrah olun, yüksək zirvələrə can atın, valideynlərinizi, hamımızı, bütün Azərbaycanı böyük-böyük yarışların fəxri kürsüsündən salamlamaq arzusu ilə yaşayın.

Bir də ki, təbəssüm heç vaxt üzünüzdən əskik olmasın!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

01.06.2020

Xəbər 585 dəfə oxundu.