AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib
Mayın 31-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında ikinci iclası keçirilib.

İclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenko iştirak ediblər.

Elxan Məmmədov iclası açaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, pandemiya dövründə vətəndaşların sağlamlığı naminə dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərlə əlaqədar futbol ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

İclasda iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, habelə iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası, Premyer Liqa klublarının futbolçu və məşqçi heyətinin həftəlik olaraq “COVID-19” testinə cəlb olunması, Premyer Liqa və Kubok oyunlarının bərpası ilə bağlı oyun təqvimi, oyunların bərpasından sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə atılacaq növbəti addımlar, pandemiya ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması və digər məsələlər müzakirə edilib.

Elxan Məmmədov qeyd edib ki, müzakirəyə çıxarılan mövzular əvvəlcədən klublara göndərilib.

Sonra PFL-in prezidenti Ramin Musayev fikirlərini bildirib.

Premyer Liqa klublarının rəsmiləri gündəlikdəki bütün məsələlər barədə çıxış etdikdən sonra AFFA-nın baş həkimi Vyaçeslav Xomenko mövcud vəziyyətdə sanitar-gigiyenik qaydalara riayət olunmasının və “COVID-19” testinin vacibliyi barədə danışıb.

Ətraflı müzakirələrdən sonra iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, iyunun 21-də Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası, Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə “COVID-19” testinə cəlb olunması, Premyer Liqa və Kubok oyunlarının təqviminin PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndərilməsi, oyunların bərpasından sonra hər hansı futbolçu və ya məşqçinin “COVID-19” testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra müvafiq təlimatlara uyğun hərəkət edilməsi, “COVID-19” pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirələrin aparılması məsələləri barədə razılıq əldə edilib.

Bununla yanaşı, iclasda məşqlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirəyə çıxarılan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil ediləcək.

Xəbər 495 dəfə oxundu.