Vəkillər Kollegiyasının şahmat komandası ukraynalı və fransalı rəqiblərinə qalib gəlib
Azərbaycanın və Ukraynanın Odessa şəhərinin Vəkillər kollegiyalarının üzvlərindən ibarət komandalar arasında birinci beynəlxalq onlayn şahmat turniri keçirilib.

Vəkillərimizdən ibarət “Azerbaijan Attorneys in Chess” şahmat komandası Odessanın vəkillərindən ibarət “Şaxmatnaya Ladya Odessı” komandasına 13:7 hesabı ilə qalib gəlib. Odessa Vəkillər Kollegiyasının təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən yarış yerli qurumun “YouTube” və “Facebook” hesablarında canlı yayımlanıb. Qarşılaşmalar qrossmeyster Mixail Qolubev tərəfindən onlayn qaydada şərh edilib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Azerbaijan Attorneys in Chess” komandasının heyətində Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Elyar Həsənov, Əkrəm Həsənov, Əziz Eminov, Rahim Alışov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov və Tahir Əliyevdən (təşkilati dəstək) yer alıblar.

Analoji yarış mayın 2-də Paris Vəkillər Kollegiyasının şahmat komandası ilə də keçirilib. Azərbaycan vəkilləri həmin yarışda 26:18 hesabı ilə qələbə qazanıblar.

Xəbər 560 dəfə oxundu.