5-ci gündə 2 bürünc medal
Xorvatiya paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı sonna çatmaq üzrədir. İdman.com.az saytının xəbərinə görə, çempionatın 5-ci günündə yunan-Roma güləşi üzrə 50, 60, 74 və 96 kq çəki dərəcələrində görüşlər keçirilib. Həmin mübarizə günündə 2 bürünc medal qazanılıb.

50 kq çəkidə mübarizə aparan Murad Bazarov ilk görüşdə bolqar Detelin Dimitrov (2:0, 4:0), ardınca erməni güləşçi Rudik Mkrtçyan (2:0, 6:0) üzərində inamlı qələbə qazanıb. Yarımfinal görüşündə rusiyalı Artur Labazanovla gərgin keçən görüşdə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb. Rumıniyalı Aleksandr Botezə heç bir şans verməyən (2:0, 6:0) Murad Bazarov gənclər arasında Avropa 3-cüsü olub.

74 kq çəki dərəcəsində təmsilçimiz Şamil Ərtuqanov ardıcılı olaraq İtaliya, Danimarka və Ukraynadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda rusiyalı İslam Çarayevə (3:1, 1:0) uduzan güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Türkiyəli Doğan Göydaşla gərgin keçən görüşdən (2:0, 0:6, 0:1) qalib ayrılan Şamil Ertuqanov, Avropa çempionatının bürünc medalını qazanıb.

96 kq çəkidə mübarizə aparan Hacımurad Çopsiyev Avropa çempionatını 5-ci sırada tamamlayıb. İlk görüşdə serbiyalı güləşçini məğlub edən təmsilçimiz ikinci görüşdə rus Musa Evloyevə uduzub. Rusiyalı güləşçi finala çıxdığından təmsilçimiz təsəlliverici görüşlərə qatılıb və medal şansını saxlayıb. Təsəlliverici görüşdə bolqar güləşçi üzərində rahat qələbə qazansa da, Hacımurad Çöpsiyev bürünc medal görüşündə (0:1, 0:1) minimal hesabla uduzub.

İyunun 24-də gənclərin Avropa çempionatında 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar.

Xəbər 1156 dəfə oxundu.