Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
Güləşçi xanım güllə atıcılığında məşhurlaşmış rəfiqəsindən nədə geri qalır ki?.. Əksinə, hər ikisinin zəngin mükafatlar kolleksiyasında Stadnikin medalları daha çoxdur, daha dəyərlidir.

Son on ildə, bəlkə, bir qədər də çox müddətdə Azərbaycanda qadın güləşinin şəksiz lideri Olimpiya oyunlarında üç dəfə fəxri kürsüdə təbrikləri qəbul etmiş, dünya, Avropa və “Bakı —2015”in çempionu adını qazanmış, ölkəmizin güləş tarixində ilk qadın dünya çempionudur və s.

Tapançalı xanım Aşumova isə həyatını möhkəm iradə, son dərəcə yüksək dəqiqlik tələb edən idman növünə təsadüfən bağlamadığını bir olimpiya “bürüncü” ilə, SSRİ çempionu və rekordçusu, Avropa və dünya çempionatlarının mükafatçısı kimi inamla sübuta yetirmişdir.

Bəs belə olduğu halda onları nəyə görə müqayisə edək, axı, bir az əvvəl dediyimiz kimi, medalların keyfiyyətinə, çəkisinə görə Mariya irəlidədir. O, dünyada bütün yarışların şahı sayılan Olimpiya oyunlarının üçqat mükafatçısıdır, Aşumova isə olimpiya medalının sevincini yalnız bir dəfə yaşayıb.

Azərbaycan Respublikasının, deməli, həm də idmanımızın müstəqilliyi dövründə Atlanta — 1996-dan bəri keçirilmiş olimpiadalarda Stadnikin hesabında 2008-ci ildə Pekindən gətirdiyi bürünc, London — 2012 və Rio-de-Janeyro — 2016-da qazandığı iki gümüş medal var. Güllə atıcımız isə yeganə olimpiya medalına 2004-də Olimpiya oyunlarının vətəni Yunanıstanın baş şəhəri Afinada sahib olub.

Buna baxmayaraq, Aşumova bir göstəricidə hələlik üstün kimi görünür. O, olimpiadalarda dörd dəfə “atəş xəttinə” çıxıb (Atlantadan, Sidney —2000, Afina —2004-dən sonra London —2012-də), Stadnik isə hələlik üç Olimpiadanın iştirakçısıdır. Ancaq Tokio —2020-yə vəsiqəni, həyatında dördüncü Olimpiya oyunlarına lisenziyanı artıq özünə təmin edib. Təəssüf ki, COVİD —19 hələlik “Gündoğar ölkə”yə aparan yolları bərk-bərk bağlayıb, planetin ən ali idman bayramını ən azı bir il müddətinə təxirə salıb. Əlli altı il əvvəl —1964-cü ildə Olimpiya oyunlarının paytaxtı olmuş Tokio həmin sevinci bir daha yaşamaq üçün 2021-ci ilin yayını gözləməlidir.

Bu isə o deməkdir ki, faktın gerçəkləşməsi, Olimpiya oyunlarının üçqat mükafatçısının Tokioya lisenziyasının XXXII Olimpiada iştirakçısının akkreditasiya kartı ilə əvəzlənməsi üçün hələ on dörd ay gözləmək lazımdır.

Gözləyək və ümid edək ki, nəhayət, dünyamız möhkəm birlik və həmrəylik sayəsində koronavirus pandemiyasını məhv edəcək, güləşçimiz Yaponiya səması altında da olimpiya xalçası üzərində sevimli fəndlərini işlədəcək, Azərbaycanı özünün olimpiya qənimətləri sırasında yeri aydın görünən qızıl medalla sevindirib, həyatının dördüncü Olimpiadasında ən möhtəşəm zəfərinə imza atacaq. Bu zərif, eyni zamanda, çox qoçaq güləş ustasını tanıyanlar əmindirlər ki, azərbaycanlı idman həvəskarlarının sevimlisinin buna gücü də çatar, qələbə əzmi də.

... Bu dəfə yazımız 28 May Respublika Günü ərəfəsinə təsadüf etdi. Gözəl bayramımız münasibətilə Mariya Vasilyevna Stadniki və İradə Süleyman qızı Aşumovanı, həmçinin onların timsalında bütün idman ictimaiyyətimizi təbrik edib, xoş arzularımızı bildirək.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

27.05.2020

Xəbər 846 dəfə oxundu.