Redaktor olmaq asan deyil
“İdman”— “Sport”da çalışdığı uzun illər ərzində Azərbaycanın, demək olar, bütün guşələrini gəzib-dolaşmış, bu zaman həm də səmimiliyi ilə hər yerdə özünə çoxlu dost-tanış tapmış fotomüxbirimiz Gennadi Malyov gördüyünüz şəkli 1992-ci il martın 24-də redaksiyamızda lentə almışdı. Onda Novruz bayramı hələ davam edirdi.

Arif Şəfizadə (şəkildə sağda) qəzetimizə Azərbaycan Dövlət Televiziyasının idman verilişləri redaksiyasından gəlmişdi. Tezliklə, 1992-ci ildə redaktor müavini oldu, bir il sonra isə redaktor kimi fəaliyyətə başladı.

Onda respublikada hökm sürən mürəkkəb iqtisadi vəziyyət bütün mətbuat kimi, “İdman”a da öz təsirini göstərmişdi. Əvvəllər həftədə üç dəfə işıq üzü görən qəzet maliyyə çətinliyi üzündən indi həftədə, bəzən də iki həftədə yalnız bir dəfə oxucularla görüşə gələ bilirdi. Bununla belə, redaktor ruhdan düşmür, qəzetin fəaliyyətini davam etdirmək üçün imkanlar axtarır, bu məqsədlə hətta dost-tanışlara da üz tutmalı olurdu.

Həmin günlərdə aydın hiss olunurdu ki, redaktor olmaq heç də asan iş deyil. Redaksiya rəhbəri əməkdaşlardan müntəzəm, keyfiyyətli materiallar tələb etməklə yanaşı, həm də onların qayğısına qalmalı, qəzetin bütün problemlərini həll etməli, bir sözlə, daim düşünməli, axtarışda olmalıdır.

Bir səhər işə gələn kimi Arif müəllim gözləmədiyim halda “hazırlaş, Hollandiyaya gedirsən” dedi. Sonra da əlavə edib bildirdi ki, iyulun birinci ongünlüyündə orada Gənclərin Avropa Olimpiya Festivalı geçiriləcək. Yarışların gedişini işıqlandırmaq üçün Dövlət İdman Komitəsi festivala iki jurnalist də ezam edəcək— bizim redaksiyadan sən və AzTV-dən Aydın Əliyev. Nəticədə mən “Zanbaqlar ölkəsi”nə səfərə çıxmaq, Valkensvaard şəhərində idmançılarımızın çıxışlarını izləmək, onların üç medalına — 1 qızıl və 2 gümüş mükafatına, komandamızın ilk dəfə çıxış etdiyi festivalda 43 ölkə arasında 17-ci yeri tutmasına sevinmək imkanı qazandım və buna görə redaktoruma minnətdar olmaya bilməzdim. Bir də ona görə ki, 1993-cü il iyulun 3-dən 9-dək davam edən səfər bizə həm də futbol dahisi, “uçan hollandiyalı” Yohan Kroyfun doğma şəhəri, paytaxt Amsterdamı görmək imkanı yaratmışdı.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti rəhbərinin həmin illərdə respublika Dövlət İdman Komitəsi sədrinin birinci müavini, hazırda isə milli Güləş Federasiyasının yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərovun olduğu da yadımdadır.

Bayaq dediyim kimi, ötən əsrin 90-cı illərinin birinci yarısında respublikada iqtisadi vəziyyət mürəkkəb idi. Artıq işə yalandan gedib-gəlməkdən yorulmuşduq. Bu səbəbdən də 1995-ci il noyabrın 20-də A. Şəfizadənin adına ərizə yazıb işdən çıxmağıma icazə verməsini xahiş etdim. Etiraz etmədi. Çünki yaxşı bilirdi ki, daha boş-bekar oturmaq olmur.

Bir il sonra Arif müəllimin də öz istəyi ilə “İdman”dan ayrıldığını eşitdim. Redaktorum 2000-ci il aprelin 1-də isə ömrünün 67-ci ilində qəfil ölümlə üzləşdi. İdman mətbuatımız daha bir ağsaqqalını itirdi.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

25.05.2020

Xəbər 774 dəfə oxundu.